Dövlət hesabına göstərilən hüquqi yardım üzrə vəkilin iş saatı düzgün hesablanmır - İDDİA


  • 18 Noyabr 2021 11:40

Məlum olduğu kimi, Azərbaycanda inzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Hazırda ölkəmizdə dövlət hesabına göstərilən hüquqi yardımın hər saatı üçün vəkilə 6 manat pul ödənilir. Lakin vəkillər iddia edir ki, bəzi hallarda vəkilin haqqının ödənilməsini nəzərdə tutan iş saatı məhkəmə qərarında (hökmü) düzgün göstərilmir.

E-huquq.az xəbər verir ki, belə şikayətlərdən biri də vəkil Anar Ramazanov tərəfindən səsləndirilib. A.Ramazanov bildirib ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimlərindən biri icraatında olan və təyinat üzrə çıxdığı iş üzrə sərf etdiyi müddəti düzgün yazmayıb.

“Təbii ki, təyinat işləri üzrə biz heç vaxt məbləğə fikir vermirik, çünki adından da göründüyü kimi, təyinat işidir. Amma 2 ay ərzində 5 prosesə - hər birinə tıxaclar və məhkəmənin gec başlamasını nəzərə alsaq, ən azı 3 saat itirməklə, habelə məhkumla cəzaçəkmə müəssisəsində azı 2-3 saat itirməklə görüşə, eyni zamanda bir neçə cildlik işlə tanış olmağa, görünən və görünməyən xərclərə və bütün bunların stresinə, əsəbinə və resurs tükəniminə görə məhkəməyə çox aşağı məbləğdə - cəmi 390 manatlıq hesabat verdim. Lakin möhtərəm hakim sədəqə kimi 90 manat ödəniş yazıb”, - deyə vəkil bildirib.

Onun sözlərinə görə, bu cür yanaşma təyinat üzrə vəkilliyi, dövlət hesabına peşəkar hüquqi yardımın keyfiyyətini aşağı salır: “Bunu şəxsən özümə və vəkilliyə qarşı hörmətsizlik kimi qəbul edirəm. Düşünürəm ki, bu istiqamətdə Ali Məhkəmə rəhbərliyi ilə də müvafiq görüş keçirilsə və bu məsələlərə diqqət yetirilsə, yaxşı olardı”.

A.Ramazanov onu da qeyd edib ki, gələcəkdə belə halların baş verəcəyi təqdirdə Məhkəmə-Hüquq Şurasına müraciət edəcək.

Vəkil Tural Musayev də eyni halla qarşılaşdığını bildirib. Vəkilin sözlərinə görə, hakim qərəzli şəkildə onun iş üzrə sərf etdiyi saatı öz göstərib.

“Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi cinayət işində dövlət hesabına hüquqi yardım üzrə iştirakım üçün mənə 3 saat, yəni 18 manat müəyyən etmişdi. Səbəbini bilirəm. Acığa düşüb mənə qarşı belə edib. İndiyədək bu haqda heç vaxt danışmamışam. Amma o vaxtdan cinayət işləri üzrə təyinat işlərindən imtina edirəm”, - deyə T.Musayev qeyd edib.

E-huquq.az mövzu ilə bağlı Bakı Apellyasiya Məhkəməsi ilə əlaqə saxlayıb. Məhkəmənin Təşkilat şöbəsinin müdiri Asim Zülbalayev bildirib ki, belə hallarla bağlı konkret iş üzrə müraciət edilməlidir.

“İndiyədək biz belə halla rastlaşmamışıq. Amma narazılıq varsa, müraciət olunmalı, konkret hansı iş olduğu deyilməlidir ki, biz də araşdırma aparaq".

Xəyalə Bünyatova

Oxşar xəbərlər