Vəkilliyə namizədlərin andiçmə mərasimi keçirildi - FOTOSESSİYA


  • 28 Dekabr 2021 15:40

Bu gün Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarını və icbari təlimi müvəffəqiyyətlə başa vuran vəkilliyə namizədlərin andiçmə mərasimi keçirilib.

E-huquq.az-ın məlumatına görə, tədbirin açılışını edən Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Vəkil günü” münasibətilə bütün vəkilləri təbrik edib və onlara fəaliyyətində uğurlar arzulayıb.

O qeyd edib ki, son illər çox sayda hüquqşünas vəkilliyə üz tutub: "Məlum olduğu kimi, Prezident İlham Əliyevin 25 dekabr 2019-cu ildə imzaladığı "“Vəkil günü” peşə bayramının təsis edilməsi haqqında" sərəncama əsasən, hər il dekabrın 28-i Azərbaycanda “Vəkil günü” peşə bayramı kimi qeyd edilir. Artıq üçüncü ildir ki, şanlı Azərbaycan vəkilliyi öz peşə bayramını təntənəli şəkildə qeyd edir və bununla bağlı müxtəlif tədbirlər keçirilir. Son illər ərzində Azərbaycan vəkilliyi güclənir, inkişaf edir. Təbii ki, möhtərəm cənab Prezidentin dəstəyi ilə Azərbaycan vəkilliyi daha da inkişaf edəcək, daha da güclənəcək. Son illər eyni zamanda onunla fərqlənirik ki, çox sayda gənc hüquqşünaslar vəkilliyə üz tutublar.

Bütün imtahanlardan müvəffəqiyyətlə keçən 113 nəfər vəkilliyə namizəd bu gün and içərək vəkil statusunu qazanırlar. Hesab edirəm ki, Azərbaycan vəkilliyi hər bir vətəndaşa yüksək keyfiyyətli hüquqi yardım göstərməklə, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsində müstəsna rol oynamaqla ədalətin carçısı rolunu oynayır. Güclü və nüfuzlu vəkillik institutu olmadan ölkədə ədalət mühakiməsinin normal fəaliyyəti mümkün deyil. Hər bir Azərbaycan vətəndaşı ölkədə yüksək keyfiyyətli hüquqi yardım almağa tam qadirdir".

Sədr bildirib ki, ölkəmizdə vəkillərin sayı son illər ərzində üç dəfəyədək artıb: "Eyni zamanda vəkil qurumların sayı 2,5 dəfə artaraq, 110-a çatıb. Bu gün ölkəmizdə dövlət və vəkillik arasında olan münasibətlər bir çox ölkələr üçün örnəkdir. Bu gün Azərbaycan və Ukrayna MDB və keçmiş postsovet məkanında yeganə iki ölkədir ki, "Vəkil günü" peşə bayramı kimi qeyd edilir. Bunun özü də dövlətimiz tərəfindən vəkilliyə göstərilən diqqətin və hörmətin təzahürüdür. Göstərilən hüquqi yardımın daha keyfiyyətli və peşəkar olması üçün Vəkillər Kollegiyası tez -tez təlimlər keçirir".

A. Bağırovun sözlərinə görə, bugünkü namizədlər sırasında qadın vəkillərin də kifayət qədər olması, yaxşı göstəricidir: "Getdikcə gender bərabərliyi məsələsi öz həllini tapır. Bizim üçün çox qürurvericidir ki, bu gün ölkə vəkilliyində xanımların sayı 22%-ə bərabərdir. Başqa peşələrdə bu faiz daha azdır. Getdikcə bu say daha da artır. Əminəm ki, bu göstərici gələcəkdə 50%-ə qədər qalxacaq. Artıq bu tendensiya mövcuddur".

Sonra vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş 113 namizəd and içib. Onlara yeni nəsil Vəkillər Kollegiyası üzvünün vəsiqəsi təqdim edilib.

Daha sonra, yeni vəkillər çıxış edib, vəkil peşəsini seçdikləri üçün məmnun olduqlarını, vəkilliyə qəbul üzrə ixtisas imtahanlarının intensiv olaraq keçirildiyinə görə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə minnətdar olduqlarını bildiriblər.

Oxşar xəbərlər