22.10.2026
“Bankların vəkillərdən tutduğu 1% sadələşdirilmiş vergi tamamilə əsassızdır”
Vəkillik fəaliyyəti

“Bankların vəkillərdən tutduğu 1% sadələşdirilmiş vergi tamamilə əsassızdır”

May 2, 2022

Maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkili məqsədilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 28.06.2019-cu il tarixli qərarı ilə təsdiqlənmiş Qaydalara əsasən, hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqı nağdsız qaydada, banklar tərəfindən xidmət olunan ödəniş sistemləri vasitəsilə həyata keçirilir.

Azərbaycan Respublikasında fiziki şəxslərin gəlir vergisi, Vergi Məcəlləsinin VIII fəslində göstərilən müddəalarla tənzimlənir. Vergi Məcəlləsinin 97-ci maddəsində gəlirlərə, muzdlu işlə əlaqədar əldə edilən, muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən və vergilərdən azad edilən gəlirlərdən və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artımdan başqa bütün digər gəlirlər aid olduğu göstərilir.

Müştəri kateqoriyasına aid olan şəxslərlə vəkil qurumu və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasındakı münasibətlər yalnız müqaviləyə əsaslanır. Müqavilə bağlandıqdan sonra müştəri üçün hüquqi xidmətlərə görə ödədiyi vəsaitin digər tərəf üçün hansı vergi öhdəlikləri yaratması maraqlı deyil.

Öz xidmətləri ilə əlaqədar bank hesablarına daxil olan vəsaitlərə görə qanunvericiliyin tələbinə əsasən vəkillər tərəfindən 14% gəlir vergisi ödənilir. Hesabda olan pul vəsaitlərinin nağd qaydada bank hesabından çıxarılmasına görə banklar tərəfindən 0,5% xidmət haqqından başqa, əlavə olaraq 1% sadələşdirilmiş vergi də tutulur. Bu əməliyyatı onlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.12-ci maddəsi ilə əlaqələndirirlər. Halbuki, Vergi Məcəlləsinin 99.3.11-ci maddəsinə əsasən, vəkillik fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən bu fəaliyyətlə bağlı göstərilən xidmətə görə alınan haqq qeyri-sahibkarlıq fəaliyyətindən daxil olan gəlirə aiddir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3-cü maddəsində vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları təsbit edilmişdir. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz.

Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinin II hissəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

Belə olduğu halda müəyyən olunur ki, bankların hesabda olan pul vəsaitlərinin nağd qaydada çıxarılmasına görə vəkillərdən tutduğu 1% sadələşdirilmiş vergi tamamilə əsassızdır və eyni zamanda qeyri-qanunidir.

Əfqan Orucov

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü