- 15:07
“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli Fərmanında məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi, “Elektron icra” informasiya sisteminin tətbiqinin genişləndirilməsi, fiziki və hüquqi şəxslərin “Elektron məhkəmə” informasiya sistemindən istifadəsinin təşviqi üçün tədbirlərin görülməsi öz əksini tapmasına baxmayaraq bu günədək “Elektron məhkəmə” informasiya sistemində problemlər qalmaqda davam edir.
Dəfələrlə “Elektron məhkəmə” sistemində mövcud olan maraqlı “button” düyməsinin vasitəsilə vəkillər tərəfindən texniki xidmətlə bağlı müraciətlər edilməsinə baxmayaraq, Ədliyyə Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalar İdarəsinin sözü ilə desək bu çətinliklər yenilənmə ilə əlaqədar olduğu bildirilir.
“Elektron məhkəmə” sistemində olan “Yeni vəkil müraciəti” bütün məhkəmələrdə və vəkil kabinetlərində ya apellyasiya protesti və ya apellyasiya şikayəti kimi qeydə alınır. Bundan sonra yaranan problemlər isə məhkəmənin həmin vəkil müraciətini apellyasiya şikayəti və ya apellyasiya protesti kimi qiymətləndirərək müvafiq aktın (qərardadın) qəbul edilməsi ilə nəticələnir. Bildiyimiz kimi, məhkəmələr tərəfindən qəbul edilmiş qətnamələr (qərarlar) vaxtında “Elektron məhkəmə” sisteminə əlavə edilmir. Qətnamədən çıxarışlar isə ümumiyyətlə sistemə əlavə olunmur və ya edilirsə, bunu vəkillər öz kabinetlərində görmür. Bir çox hallarda hakimlər qətnamənin elan edilməsini 3-5 gün sonraya təxir edirlər. Qətnamənin nəticə hissəsi ilə bağlı məlumatın əldə edilməsi demək olar ki, mümkünsüz hala çevrilir. Qətnamənin (qərarın) hakimlər tərəfindən sistemə hansı tarixdə əlavə edilməsini ancaq “Bildirişlər” bölməsindən öyrənmək olar. Nəzərə alsaq ki, hazırda mənim vəkil kimi “Bildirişlər” bölməsində 7000-dən çox bildirişim var, qətnamənin sistemə yerləşdirilməsi tarixini əldə etmək üçün 3 gün vaxt sərf etməliyəm.
“Elektron məhkəmə” sistemində olan problemlərlə bağlı çox danışmaq olar. Dünyanı dəyişdirən müasir texnologiyaların inkişafını nəzərə alsaq, “Elektron məhkəmə” sisteminin funksionallığı çox məhdud və bərbaddır. Halbuki, məhkəmə-hüquq sahəsində keçirilən islahatlar ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, məhkəmə fəaliyyətinin müasirləşdirilməsinə, insanların məhkəməyə əlçatanlığının yaxşılaşdırılmasına xidmət etməlidir.
Məhkəmə sisteminin dinamik inkişafının təmini, informasiya və kommunikasiya texnologiyalarının tətbiqi obyektiv zərurətdən irəli gəlir. "Elektron məhkəmə" sistemi operativliyin təmin edilməsi, elektron sənəd dövriyyəsi, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin yüksəldilməsi üçün olduqca əhəmiyyətli olduğundan, bu sistemdə aşkara çıxan problemlərin aradan qaldırılması məhkəmə sisteminin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına imkan yaradacaqdır.
Yusif Allahverdiyev
"Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun müdiri