Büdcə ssudalarını Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu bağlayacaq


  • 17:27

Dövlət büdcəsindən verilən büdcə ssudalarının həmin ssudaları alan təşkilatlar tərəfindən geri qaytarılmaması halında qeyd olunan ssudaların Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu hesabına bağlanılması (ödənilməsi) nəzərdə tutulur.

E-huquq.az xəbər verir ki, bununla bağlı “Dövlət borcu haqqında” qanunda dəyişiklik edilməsi təklif edilir.

Qanun layihəsi parlamentin növbədənkənar sessiyasının iyunun 24-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

Dəyişiklik təminat Fondunun yalnız dövlət borcu və zəmanəti üzrə öhdəliklərin yerinə yetirilməsi ilə deyil, həm də qaytarılmayan büdcə ssudalarının əvəzinin ödənilməsi ilə bağlı daha çevik bir alətə çevrilməsinə imkan yaradacaqdır.

Eyni zamanda layihədə "Büdcə sistemi haqqında" qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsinin hazırlanması ilə əlaqədar uyğunlaşdırılmaların aparılması məqsədilə Təminat Fondunun mənbələri ilə əlaqədar düzəliş təklif olunub.

"Büdcə sistemi haqqında" qanunun 1.1.13- cü maddəsinə uyğun olaraq dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə, yerli büdcələrə, büdcə təşkilatlarına, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə yardımı alan digər hüquqi şəxslərə büdcə ili ərzində ən geci verildiyi büdce ilinin sonunadək qaytarılmalı olan büdcə ssudaları ayrılır.

Mövcud qanunvericiliyə əsasən dövlət büdcəsindən ayrılmış büdcə ssudalarının vaxtında geri qaytarılması həmin ssudanı alan təşkilatların öhdəliyindədir. Lakin təcrübədə bu vəsaitlərin təşkilatlar tərəfindən geri qaytarılmasında bir sıra problemlər müşahidə olunmaqdadır.

Vurğulanıb ki, sözügedən layihə də məhz bununla əlaqədar büdcə ssudalarının vaxtında dövlət büdcəsinə geri qaytarılması mexanizminin formalaşdırılması məqsədilə hazırlanıb.

Oxşar xəbərlər