“Qusar turizm və sosial-iqtisadi inkişaf baxımından böyük imkanlara malikdir. Şahdağ Turizm Mərkəzində beynəlxalq xizək yarışlarının keçirilməsinin nəzərdə tutulması rayonun turizm potensialını daha da artıracaq. Turizmin inkişafı yalnız müasir otel və xizək komplekslərinin tikintisi ilə məhdudlaşmır. Turistlərin həmin məkanlara rahat çatmasını təmin edən yol infrastrukturu da mühüm əhəmiyyət daşıyır”.
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentin bu gün keçirilən plenar iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
O bildirib ki, Şahdağ istiqamətində əsas yol müasirləşdirilsə də, həmin yola bitişik və turizm kompleksinə yaxın yerləşən Urva, Əniğ, Xuray və Suvacal kəndlərinə gedən yolların vəziyyəti müasir tələblərə cavab vermir.
“Bu yolların yenidən qurulması həm yerli əhalinin rahatlığı, həm də turizm marşrutlarının genişləndirilməsi və sahibkarlığın inkişafı baxımından vacibdir. Bu səbəbdən həmin yolların 2027-ci ildə yenidən qurulması üçün zəruri vəsaitin dövlət investisiya proqramında nəzərdə tutulmasını xahiş edirəm”, – deyə deputat bildirib.
Şəbnəm Mehdizadə
