- 12:59
2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunur. Bu təşəbbüs bir tərəfdən 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyini, digər tərəfdən isə dövlətimizin ərazi bütövlüyünü bərpa etməklə milli suverenliyini tam təmin etmiş 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin 5 illiyini qeyd etməyə xidmət edir. 2025-ci il həm hüquqi dövlət quruculuğunun vacib mərhələsini, həm də milli suverenliyin bərpasında dönüş nöqtəsini təmsil edir. Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli sərəncamı ilə bu ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi təsadüfi deyil. Bu qərar, Konstitusiyanın Azərbaycanın demokratik inkişaf modelində və müstəqil dövlətçiliyin möhkəmlənməsində oynadığı həlledici rolu bir daha vurğulayır.
Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunması dövlətin başlıca məqsədlərindən biri kimi təsbit edilmişdir. Lakin uzun illər Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal altında qaldığı üçün Konstitusiyanın bu müddəalarının həmin ərazilərdə tam tətbiqi mümkün deyildi. Bu səbəbdən ərazi bütövlüyünün və suverenliyin bərpası xalqımızın milli ideyasının mərkəzi məqsədinə çevrilmiş, bütün dövlət və ictimai resurslar bu müqəddəs məqsədə yönəldilmişdi.
Suverenlik, bir dövlətin daxili və xarici siyasətini sərbəst şəkildə həyata keçirməsi, öz qanunlarını qəbul etməsi, ərazi bütövlüyünü qoruması və beynəlxalq münasibətlərdə müstəqil subyekt kimi çıxış etməsi baxımından çox mühüm amildir.
Suverenlik ideyası tarixən müxtəlif dövrlərdə formalaşaraq, siyasi idarəetmə və hüquqi düşüncənin inkişaf mərhələlərinə uyğun şəkildə dəyişib. Dövlət suverenliyi dövlət hakimiyyətinin vahidliyində və aliliyində, habelə onun orqanlarının hüquqi aktlarının bütün hüquqi və fiziki şəxslər üçün məcburi xarakter daşımasında ifadə olunur. Xalq suverenliyi heç nə ilə məhdudlaşdırılmayan, cəmiyyətin bütün həyat sahələrini əhatə edən tam, monolit xalq hakimiyyətidir, insanların vahid maraq və məqsədləri ilə möhkəmlənən, hamının rifahına yönələn, hər kəsin əməyi ilə birləşən və onların ümumi ideallarının bərqərar olması üçün birgə mübarizəsidir və o, yalnız həqiqi xalq hakimiyyətindən söhbət gedən yerlərdə həyata keçirilir.
İstər xalq suverenliyi, istərsə də dövlət suverenliyi hüquqa əsaslanan münasibətlər çərçivəsində demokratik cəmiyyətin təşəkkülünə və inkişafına xidmət etməlidir. Bu iki suverenliyin harmonik sintezi xalqı hakimiyyətə, hakimiyyəti isə xalqa yaxınlaşdırılmalı, xalqın siyasi iradəsi ilə dövlətin siyasi iradəsini ümumi məqsədlər ətrafında uzlaşdırılmalıdır.
Müstəqillik və suverenlik yalnız hüquqi və siyasi kateqoriyalar deyil, həm də xalqın milli kimliyini, onun mədəni və tarixi varlığını təsdiqləyən dəyərlərdir. Azərbaycanın suverenliyinin tam bərpası və dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesində Heydər Əliyev irsinin layiqli davamçısı Prezident İlham Əliyevin rolu həlledici olmuşdur. 2003-cü ildə hakimiyyətə gəldiyi gündən etibarən cənab İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün bərpası, suveren hüquqlarının təmin edilməsi və milli maraqlara əsaslanan xarici siyasət yürüdərək ölkəni güclü regional liderə çevirmişdir. Onun uzaqgörən və strateji siyasəti sayəsində Azərbaycan iqtisadi və hərbi sahələrdə sürətlə inkişaf edərək, öz suverenliyini tam bərpa etmək üçün güclü zəmin yaratmışdır.
Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etsə də, Ermənistanın təcavüzü nəticəsində ölkənin 20 faizə yaxın ərazisi işğal altında qalmış və Qarabağda separatçı rejimin mövcudluğu ölkənin tam suveren idarəçiliyinə maneçilik törətmiş, suveren hüquqlar tam şəkildə təmin edilə bilməmişdi.
Azərbaycanın tam suverenliyinin bərpası 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabr ayında həyata keçirilən lokal antiterror əmaliyyatı ilə təmin olunsa da, bu mərhələyə qədər uzun və şərəfli bir yol qət edilmişdir. Belə ki, 2016-cı ildə Aprel döyüşlərindən başlanan şərəfli yol bir neçə mühüm nəticəyə gətirib çıxardı: uzun illər süni şəkildə formalaşdırılan məğlubedilməz erməni ordusu mifi qəhrəman Azərbaycan ordusu tərəfindən darmadağın edildi, Azərbaycan ordusu öz peşəkarlığını və real gücünü sübut edərək ciddi psixoloji üstünlük əldə etmiş oldu.
2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri nəticəsində isə Azərbaycan Qarabağ üzərində tam nəzarəti bərpa edərək, öz dövlət suverenliyini bütün əraziləri üzərində bərqərar etdi.
Bu baxımdan, 2024-cü il 19 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş Dövlət Suverenliyi Günü müasir Azərbaycan tarixinin ən mühüm dönüm nöqtələrindən biridir. Prezident İlham Əliyevin 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi, ölkənin müstəqillik tarixində mühüm bir mərhələ olmaqla yanaşı, dövlət suverenliyinin tam bərpa edilməsinin rəsmi təsdiqi kimi qiymətləndirilir. Bu tarixi nailiyyətin əldə olunmasında onun uzaqgörən siyasəti, strateji qərarları və liderlik keyfiyyətləri həlledici rol oynayıb. Azərbaycanın ərazi bütövlüyünün tam təmin edilməsi, işğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, eləcə də ölkənin beynəlxalq arenada mövqeyinin daha da möhkəmləndirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin uğurlu nəticələridir.
Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətin siyasi iradəsinin, Azərbaycanın torpaqlarını azad etmək istiqamətində qətiyyəti bir daha təsdiqləndi. Beynəlxalq aləmə Azərbaycan torpaqlarının işğalı ilə heç vaxt barışmayacağının ilk real siqnalını vermis oldu. Aprel döyüşləri beynəlxalq arenada Ermənistan-Azərbaycan münaqişəsinə diqqəti yenidən yönəltdi və işğalın davam etməsinin bölgədə təhlükə yaratdığı göstərildi.
Aprel döyüşlərindən sonrakı mərhələdə Naxçıvanda uğurla həyata keçirilən Günnüt əməliyyatı Vətən müharibəsinə gedən yolda və suverenliyimizin bərpası istiqamətində atılan mühüm və strateji bir addım idi. 2018-ci ilin may-iyun aylarında keçirilən Günnüt əməliyyatı Azərbaycanın suverenlik yolunda növbəti böyük uğuru oldu. Bu əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi və ümumilikdə 11 min hektar ərazi işğaldan azad edildi. Eyni zamanda, Qızılqaya və Mehridağ yüksəkliyi Azərbaycan Ordusunun nəzarətinə keçdi ki, bu da strateji baxımdan böyük üstünlük qazandırdı. Günnüt əməliyyatı, Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmaq əzmini və gücünü göstərdi, bu isə daha genişmiqyaslı əməliyyatların həyata keçirilməsi üçün zəmin yaratdı.
2020-ci ilin sentyabrında Ermənistanın növbəti təxribatları nəticəsində Azərbaycan Vətən müharibəsinə başlamağa məcbur oldu. 27 sentyabrda başlayan müharibə 44 gün ərzində Azərbaycanın tam qələbəsi ilə nəticələndi və Şuşa şəhərinin azad olunması ilə Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur oldu. Daha sonra 2023-cü ilin sentyabr ayında uğurla icra edilən bir günlük lokal antiterror əməliyyatının keçirilməsi cənab Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, Azərbaycanın tam suverenlik qazanmasına gətirib çıxardı.
44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər yalnız hərbi deyil, həm də hüquqi və siyasi baxımdan suverenlik dəyərlərinin möhkəmləndirilməsi anlamına gəlir. Xalqımız Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır. Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri, məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması və iqtisadi inteqrasiya layihələri suveren dövlət anlayışının real təcəssümü olub.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması həm tarixi, həm də hüquqi baxımdan mühüm simvolik və praktiki əhəmiyyət daşıyır. Bu təşəbbüs dövlətin suverenliyinin bərpasını, konstitusiya dəyərlərinin möhkəmləndirilməsini və hüquqi islahatların davamlılığını təcəssüm etdirir.
Konstitusiyanın qəbulundan ötən 30 il ərzində Azərbaycan hüquqi dövlət və demokratik idarəetmə prinsipləri əsasında mühüm inkişaf yolu keçmişdir. Suverenliyin bərpası və dövlətin ərazi bütövlüyünün təmin olunması Konstitusiyanın hüquqi qüvvəsini ölkənin bütün ərazilərində təmin etmiş, bu da müstəqil dövlətçilik tariximizin ən mühüm nailiyyətlərindən birinə çevrilmişdir.
Bu gün qarşıda duran əsas vəzifə – Konstitusiyanın ruhuna uyğun olaraq hüquq sisteminin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının real təminatı və ədalət prinsiplərinin bərqərar edilməsidir. Bu istiqamətdə atılan hər bir addım dövlətin suverenliyinin möhkəmlənməsinə, hüquqi mədəniyyətin inkişafına və cəmiyyətin rifahına xidmət edir
Afət Quliyeva
Səbail Rayon Məhkəməsinin hakimi