- 13:13
"Dil millətin milli kimliyinin əsasını təşkil edir".
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli Milli Məclisdə bu gün keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda deyib.
O bildirib ki, Prezident İlham Əliyev Akademiyanın 80 illik yubileyindəki çıxışında dil məsələsinə xüsusi diqqət yetirib: "İlham Əliyev çıxışında vurğuladı ki, biz öz dilimizi qorumasaq, ana dilimizin əsası sarsıla bilər. Ümumi terminologiyadan başqa, yad sözlərin dilimizə gətirilib işlədilməsi yanlış və təxribat xarakterli addımdır. Bu, qəbuledilməzdir. Dövlət başçısının sərt və qəti mövqeyi hər bir Azərbaycan aliminə və vətəndaşına doğru istiqaməti göstərir. İnkişaf etmiş dillər zəruri terminləri mənimsəməklə yanaşı, həm də öz daxili imkanları hesabına zənginləşən dillərdir. Dil millətin milli kimliyinin əsasını təşkil edir".
Akademik əlavə edib ki, bu istiqamətdə hələ də problemlər qalmaqdadır: "Reklam bazarında, televiziya efirlərində, dərsliklərdə bəzən alınma sözlər ehtiyac olmadığı halda işlədilir. Bu məsələnin həlli yollarını tapmalı və problemləri aradan qaldırmalıyıq. Bu, ümummilli vəzifədir".
İsa Həbibbəyli deyib ki, Prezident İlham Əliyevin Akademiyanın 80 illik yubileyindəki çıxışı mükəmməl bir yol xəritəsini ortaya qoyub: "Prezidentin nitqində irəli sürülən çağırışlar və hədəflər bir sıra mühüm istiqamətləri əhatə edir. Dövlət başçısının da qeyd etdiyi kimi, texnoloji inkişaf olmadan heç bir sahədə real irəliləyişə nail olmaq mümkün deyil. Bu strateji əhəmiyyətli fikirlər yol xəritəsinin ana xəttini müəyyən edir. Ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində bu istiqamətdə ilkin hazırlıq işləri görülüb və müəyyən baza formalaşdırılıb".
Şəbnəm Mehdizadə