- 13:13
"Dil də ölkə kimidir və dilin də öz sərhədləri var".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəfael Hüseynov parlamentdə bu gün keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda çıxışı zamanı bildirib.
Deputat qeyd edib ki, müasir dövrdə dilin sərhədlərini pozmaq əvvəlki dövrlərlə müqayisədə daha asandır: "Müasir zamanda dili korlamaq çox asandır. Sosial şəbəkələrdə "ləhçələşmə" geniş yayılır, bu proses hətta məktəblərdə də müşahidə olunur. Halbuki bizim çox gözəl, zəngin və ifadə gücü yüksək olan dilimiz var".
R.Hüseynov əlavə edib ki, Prezident İlham Əliyevin dilin qorunması ilə bağlı çağırışları bu istiqamətdə məsuliyyəti daha da artırır: "Əgər dövlət başçısı bu gün dilimizi qorumağa və onu yeni dövrün tələblərinə uyğunlaşdırmağa çağırırsa, həmçinin öz narahatlığını açıq şəkildə ifadə edirsə, demək ki, dili qoruyanların - alimlərin, ziyalıların, müəllimlərin, ümumilikdə hər bir vətəndaşın çiyinlərində məsuliyyət daha da artır. Bu istiqamətdə ciddi çalışmaq hər birimizin borcudur".
Şəbnəm Mehdizadə