- 13:13
"Müşahidələr göstərir ki, Azərbaycan dilinin tədrisində bu gün ciddi problemlər və fərqlər mövcuddur".
E-huquq.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Milli Məclisdə bu gün keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda deyib.
Nazir çıxışında qeyd edib: "İlk növbədə Azərbaycan dilinin tədrisindən danışmaq istərdim. Əgər 6 yaşlı uşaqlarda dilə sevgi formalaşdırmaq istəyiriksə, bacarıqları düzgün şəkildə inkişaf etdirməliyik. Bu, pedaqoji prosesdir və onun uğuru üçün müəllimlərə, mütəxəssislərə və düzgün metodikaya ehtiyac var. Azərbaycanda Azərbaycan dili ilə yanaşı digər dillərdə də tədris aparılır. Buna baxmayaraq, vətəndaşların Azərbaycan dilini bilməsi hər kəs üçün əsas vəzifədir. Bu istiqamətdə bir sıra işlər həyata keçirilir. Məsələn, Azərbaycan dilində dərs saatlarının artırılması və Azərbaycan tarixi fənninin yalnız Azərbaycan dilində tədris olunması bunlardan biridir".
E.Əmrullayev bildirib ki, tədrisin əsas dayağı müəllimdir: "Sinif otağında prosesin mərkəzində müəllim dayanır və bünövrə orada qoyulur. Son illərdə sertifikasiya prosesində təxminən 8 min müəllimlə müqaviləyə xitam verilib. Həmin müəllimlərdən 5 minə yaxını ibtidai sinif müəllimi, min nəfərdən artığı isə Azərbaycan dili müəllimləridir".
Şəbnəm Mehdizadə