"Təəssüf ki, bizdə Azərbaycan ədəbiyyatını oxuyanların sayı çox azdır"


  • 12:20

"Dil olmadan müstəqillik də, xalq da, dövlət də olmaz".

E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev Milli Məclisdə bu gün keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda bildirib.

A.Rzayev çıxışında dilin qorunmasının əhəmiyyətinə toxunaraq qeyd edib: “Azərbaycan dilinin keçdiyi ən çətin dövr Sovet dövrü idi. Çar dövründə nə məktəb var idi, nə də mətbuatımız. Amma Sovet dövründə məktəblərimiz də, mətbuatımız da mövcud idi, yalnız dərslər rus dilində aparılırdı. Həmin dövrdə elə təşəbbüslər vardı ki, Azərbaycan dili məhv olsun. Lakin bu dövrdə dilimizin qorunmasında yazıçılarımız və ədəbiyyatımızın böyük rolu oldu. Mən onlara təşəkkür edirəm".

Xalq yazıçısı deyib ki, televiziya və radio vasitəsilə dilimizə bir çox yad sözlər daxil olub: "Bu proses Türkiyədə də baş vermişdi. Dilin qorunmasında ədəbiyyatın rolu böyükdür. Çünki dilin imkanlarını genişləndirən və onu cilalayan ədəbiyyatdır. Təəssüf ki, bizdə Azərbaycan ədəbiyyatını oxuyanların sayı çox azdır. Azərbaycan dilini qorumaq istəyən hər kəs mütləq Azərbaycan ədəbiyyatını oxumalıdır".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər