"Aparıcılar özləri nəticə çıxarmalıdır" - TV-lərə XƏBƏRDARLIQ


  • 12:38

"Dilimizdə əcnəbi sözlərin istifadəsinin qarşısını almağa yönəlik addımlar atılır".

E-huquq.az xəbər verir ki, bunu Audiovizual Şuranın sədri, İsmət Səttarov Milli Məclisdə bu gün keçirilən "Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər" adlı konfransda deyib.

"Bu günə qədər Şura televiziya və radiolarda reklam çarxlarında əcnəbi sözlərin istifadəsinin qarşısını alıb. Əvvəllər reklamlar da daxil olmaqla, ingilis, rus və türk dillərinə aid sözlər tez-tez istifadə olunurdu. Reklamlar elə bir məhsuldur ki, insanlar onları gündə dəfələrlə görür və bu sözlər onların beyninə həkk olunur, nəticədə dilimizə hopur. Lakin verilişlərdə vəziyyət hələ də qənaətbəxş deyil. Verilişlərin monitorinqi çox çətindir, çünki hər gün 800 saatlıq efir məhsulu yayımlanır. Bu materialların hamısını izləmək mümkün olmur", - deyə o qeyd edib.

İ.Səttarov belə halların qarşısını almaq üçün süni intellektdən istifadə etdiklərini bildirib: "Biz artıq 40-a yaxın ən çox istifadə olunan əcnəbi sözün siyahısını hazırladıq. Süni intellektin köməyi ilə aparılan monitorinq nəticəsində məlum oldu ki, iki həftə ərzində bu sözlər 3 min dəfə efirlərdə istifadə olunub".

O əlavə edib ki, yanvar ayından etibarən kanallara bu barədə məlumat veriləcək: "Aparıcılar özləri bu vəziyyətdən nəticə çıxarmalıdırlar. Üç aydan sonra isə qanunun tələblərinə uyğun addımlar atılacaq. Praktiki məsələlərlə yanaşı, nəzəri problemlər də mövcuddur. Ona görə də hər kəsi bu məsələlərdə birgə iş görməyə dəvət edirəm".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər