- 15:05
Bratislavada dekabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Milli Şurasının sədri Rixard Raşi ilə təkbətək və geniş tərkibdə görüşləri olub.
E-huquq.az xəbər verir ki, Slovakiya Milli Şurasının sədri dövlətimizin başçısını qarşıladı.
Azərbaycan Prezidenti xatirə kitabını imzaladı.
Əvvəlcə Prezident İlham Əliyevin Slovakiya Respublikasının Milli Şurasının sədri Rixard Raşi ilə təkbətək görüşü oldu.
Sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş oldu.
Slovakiya Milli Şurasının sədri dövlətimizin başçısını Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılması və tarixi normallaşdırma sənədi ilə əlaqədar təbrik etdi.
İki ölkənin parlamentləri arasında mövcud əlaqələrdən məmnunluğunu bildirən Rixard Raşi Azərbaycana, Qarabağa səfərini xatırladı, işğaldan azad edilmiş Ağdamın Baş Qərvənd kəndinin yenidən qurulmasında Slovakiya şirkətlərinin iştirakını ölkələrimiz arasında dostluğun nümunəsi kimi qiymətləndirdi.
Dövlət başçısı təbriklərə görə təşəkkürünü bildirdi.
Prezident İlham Əliyev Azərbaycanla Slovakiya arasında keçən il strateji tərəfdaşlıq sənədinin imzalandığını və əlaqələrimizin bu zəmində inkişafını vurğuladı.
Görüşdə Azərbaycanla Slovakiya arasında parlament diplomatiyasının əhəmiyyətinə toxunuldu, beynəlxalq parlamentlərarası təsisatlar çərçivəsində ölkələrin parlament təsisatları xətti ilə əməkdaşlıq məsələləri nəzərdən keçirildi.
Söhbət zamanı enerji, müdafiə sənayesi, humanitar, idman, birbaşa aviareyslər, turizm və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğu qeyd edildi.
***
Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Milli Şurasının sədri Rixard Raşi ilə dekabrın 9-da təkbətək və geniş tərkibdə görüşləri olub.
E-huquq.az xəbər verir ki, ölkənin Milli Şurasının sədri dövlət başçısını qarşılayıb.
Azərbaycan Prezidenti xatirə kitabını imzalayıb.