Qubada könüllülər üçün təlim keçirildi - FOTO


  • 17:32

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə 6-9 dekabr 2025-ci il tarixlərində Quba rayonunda “Azərbaycan Könüllülük Həftəsi 2025” çərçivəsində genişmiqyaslı təlim-düşərgə həyata keçirilib. Düşərgənin əsas məqsədi gənclərin hüquqi biliklərinin artırılması, praktiki bacarıqlarının inkişaf etdirilməsi, həmçinin komandada işləmək vərdişlərinin gücləndirilməsi olub.

E-huquq.az xəbər verir ki, təlim-düşərgə müddətində iştirakçılar üçün “Vətən müharibəsinin hüquqi aspektləri”, “Məhkəmə çəkişmələri”, “Liderlik və effektiv komanda quruculuğu”, “Münaqişə şəraitində beynəlxalq hüququn tətbiqi və insan hüquqlarının müdafiəsi", “Zəfərə gedən yol”, “Gənc hüquqşünasların inkişafında könüllülüyün rolu” mövzularında panel müzakirələri, maarifləndirici sessiyalar və “Legal Ring” adlı intellektual oyunu təşkil edilib.

“Vətən müharibəsinin hüquqi aspektləri” mövzusunda paneldə politoloq, Təhsil Problemləri İnstitutunun direktor müavini Fuad Çıraqov və hüquqşünas, hüquq üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq ümumi hüquq kafedrasının müəllimi Pərviz Həsənov çıxış ediblər.

“Yaşatmağı bacaraq!” adlı sessiyada "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Tünzalə Abdüləlimova övladı şəhid Miqdad Abdüləlimovun döyüş yolundan bəhs etmiş, həmçinin şəhidlərin Vətən qarşısında göstərdiyi misilsiz qəhrəmanlıqdan və bu müqəddəs irsin yaşadılmasının vacibliyindən danışdı.

“Məhkəmə çəkişmələri” mövzusunda panel müzakirəsində Quba Rayon Məhkəməsinin hakimi Nigar Xəlilova və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Aydan Rəhimli iştirak ediblər.

“Liderlik və effektiv komanda quruculuğu” mövzusunda paneldə “ASAN İnnovativ İnkişaf Mərkəzi”nin rəhbəri Aysel Cəbrayılova və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Könüllülərlə İş sektorunun müdiri Böyükxanım Babayeva təlimçi qismində yer alıblar.

“Zəfərə gedən yol” panelində Vətən Müharibəsinin qaziləri Əhliyyət Mehdiyev, Rahil Xəlilov, Aslan Cəfərov və Mahur Həmidov çıxış ediblər.

“Gənc hüquqşünasların inkişafında könüllülüyün rolu” sessiyasında Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Ədilov iştirak edib və karyera inkişafında könüllülüyün əhəmiyyəti barədə məlumat vermiş, həmçinin iştirakçılara kitab hədiyyə etmişdir.

“Legal Ring” intellektual oyunu iştirakçıların hüquqi biliklərini praktiki şəkildə sınamaq və komandalar arasında rəqabət mühiti yaratmaq məqsədi daşıyıb.

Sessiyalar zamanı gənclər müharibə hüququ, məhkəmə prosesləri, hüquqi prosedurlar, tərəflərin mövqelərinin müdafiəsi kimi mövzular üzrə nəzəri biliklər qazanıb, interaktiv sual-cavab formatında müzakirələr aparıblar. Bu fəaliyyətlər iştirakçıların hüquqi düşüncə qabiliyyətini inkişaf etdirməklə yanaşı, onların analitik yanaşma və problem həll etmə bacarıqlarını da gücləndirib.

Düşərgə çərçivəsində təlimlərlə yanaşı, iştirakçıların asudə vaxtlarını səmərəli keçirmələri üçün xüsusi əyləncə saatları, komanda oyunları və sosiallaşma imkanları da yaradılıb. Bu fəaliyyətlər gənclərin bir-biri ilə daha səmimi ünsiyyət qurmasına, komanda ruhunun formalaşmasına və düşərgə atmosferinin daha dinamik olmasına şərait yaradıb

Oxşar xəbərlər