- 17:53
Cari ilin 10 dekabr tarixində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi ilə Hüquq və İnsan Haqları İnstitutu tərəfindən Beynəlxalq İnsan Hüquqları Gününə həsr olunmuş “Konstitusiya və insan hüquqları” mövzusunda dəyirmi masa keçirilib.
E-huquq.az-ın məlumatına görə, tədbirdə Mərkəz və İnstitut tərəfindən hazırlanmış dörd yeni nəşr auditoriyaya təqdim olunub. Tədbirin həm elmi-hüquqi müzakirələrin aparılması, həm də yeni nəşrlərin ictimaiyyətə təqdim olunması baxımından əhəmiyyətini qeyd edən HEQT Mərkəzinin İcraçı direktoru Samir Mahmudov Mərkəz tərəfindən hazırlanan “Normayaratma” vəsaiti və “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun elmi-praktiki şərhi barədə məlumat verib. O, bu nəşrlərin hüquqi tənzimləmələrin təkmilləşdirilməsi, normayaratma fəaliyyətinin daha sistemli və səmərəli şəkildə həyata keçirilməsi baxımından mühüm vəsait olduğunu vurğulayıb.
İnstitutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə “Konstitusiya və Suverenlik İli” çərçivəsində görülən işlərdən danışıb, hazırlanmış nəşrlərin qanunlarımızın daha yaxşı başa düşülməsi, hüquqi düşüncənin inkişafı və insan hüquqlarının müdafiəsi baxımından olduqca önəmli olduğunu qeyd edib.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin böyük məsləhətçisi Sahil Cəfərov HEQT Mərkəzinin hazırladığı “Normayaratma” vəsaiti barədə ətraflı məlumat verib. Vəsaitin hazırlanmasına 3 ilə yaxın vaxt sərf olunduğunu deyən Sahil Cəfərov nəticədə daha kefiyyətli layihələr və proqnozlaşdırıla bilən nəticələrin əldə olunacağına əminliyini ifadə edib.
HEQT Mərkəzinin Qanunvericilik təşəbbüsləri və monitorinq şöbəsinin müdiri Nurani Rüstəmli “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun elmi-praktiki şərhindən və nəşrin hazırlanmasında istifadə olunan mənbələrdən danışıb. Sözügedən nəşrin publik hüquqi şəxslərin hüquqi statusu və fəaliyyət prinsiplərinin daha dərindən anlaşılmasına imkan yaradan, həm nəzəri, həm də qanunvericiliyin praktik tətbiqi baxımından dəyərli araşdırma vəsaiti olduğunu diqqətə çatdırıb.
İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev “Suverenliyin zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər”, İnstitutun İdarə Heyəti sədrinin müavini Natəvan Rüstəmova isə “Hüquq terminləri lüğəti” nəşrləri barədə məlumat verib.
Tədbir dövlət orqanlarının, Vəkillər Kollegiyasının, hüquq ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə müzakirələrlə davam edib.