- 17:43
Sağlam həyat tərzi və arıqlama mövzusunda ən çox eşidilən məsləhətlərdən biri də gündəlik 10 min addım atmağın vacib olduğu fikridir. Bu rəqəm, bədən sağlamlığını yaxşılaşdırmaq, çəki itirmək və ümumi fiziki vəziyyəti yüksəltmək üçün geniş şəkildə tövsiyə edilir. Lakin bu fikrin nə qədər doğru olduğu və həqiqətən hər kəs üçün uyğun olub-olmaması hələ də mübahisə mövzusudur.
Mövzu ilə bağlı e-huquq.az-a açıqlamasında həkim-terapevt Məlahət Abbasova hər bir insanın fiziki ehtiyacları fərqli olduğu üçün gündəlik 10 min addım atmağın universal bir qayda olmadığına diqqət çəkib. O, bu məqsədin sağlamlıq baxımından vacib olmadığını qeyd edərək, daha uyğun və fərdi yanaşmaların önəmli olduğunu bildirib.
"Vacib deyil ki, hər kəs gündə 10 min addım atsın. Bu məsələdə əsas olan, insanın öz sağlamlığına zərər verməməsidir. Eyni yaşda və cinsdə olan iki fərddən biri üçün 5 min addım, digəri üçün isə 10 min addım normal ola bilər. Hər bir insanın fiziki xüsusiyyətləri fərqlidir və bu səbəbdən hər kəsin gündəlik hərəkət ehtiyacı da fərqlidir. Bəzən deyirlər ki, gün ərzində 10 min addım atmamaq qeyri-sağlam həyat tərzi deməkdir. Lakin bu yanaşma tamamilə yanlışdır. Hər bir insanın öz bədən enerjisi var və bu enerjiyə uyğun hərəkət etməlidir. Yəni, hamı gündə 10 min addım atmalıdır kimi bir qayda yoxdur. Hər bir insan öz fiziki vəziyyətinə görə uyğun olan addım sayını müəyyən etməlidir", - həkim qeyd edib.
M.Abbasovanın sözlərinə görə, normadan artıq addım atmaq təngnəfəs olmağa səbəb ola bilər ki, bu da yorğunluğa və hərəkət etmə arzusunun itməsinə gətirib çıxarar: "Əgər yeriyərkən təngnəfəs olmursa və gəzmək sizə zövq verirsə, o zaman bu sizin üçün optimal normadır. Bəzən insanları 10 min addım tamamlamalı olduqlarına görə özlərini nəyəsə məcbur etməyə çalışırlar və bunun üçün müxtəlif mobil tətbiqlər və ağıllı saatlardan istifadə edirlər. Lakin əslində idman hərəkətləri insanın gücünə uyğun şəkildə edilməlidir. Hər bir insan gücü çatdığı qədər idman etməli və yeriməlidir. Bu gün idman zallarında, güclərini aşan olarla insan var ki, onlar tez-tez ciddi sağlamlıq problemləri ilə üzləşirlər. Bu isə sonradan ürək-damar xəstəlikləri, ağciyər xəstəlikləri və dayaq sisteminin xəstəliklərinə səbəb ola bilər".
Şəbnəm Mehdizadə