- 18:50
"Mobil telefonlar birbaşa şüalanma mənbəyi olaraq təhlükə yaradır. Eyni zamanda, mütəxəssislər olaraq, televizorların da şüalanma yaratdığını dəfələrlə vurğulamışıq. İnsanlar televizordan istifadə etmədikdə adətən onu sadəcə pultla söndürürlər. Lakin bu, düzgün yanaşma deyil. Televizoru tamamilə enerjidən ayırmaq vacibdir, çünki əks halda şüalanma gecə boyunca davam edir".
Bu sözləri e-huquq.az-a açıqlamasında tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazova deyib.
O bildirib ki, mobil telefonlar yatarkən ən azı 1-1,5 metr uzaqlıqda və tamamilə söndürülmüş vəziyyətdə olmalıdır: "Hətta daha yaxşı olar ki, telefon yatarkən başqa otaqda qoyulsun. Mobil telefonlar hər saat, hər saniyə şüalanma ilə bizə təsir edir. Müasir dövrün tələblərinə uyğun olaraq telefon həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bu gün hər ailədə, yaşından asılı olmayaraq, hər kəsin mobil telefonu var. Buna görə də telefonlardan düzgün istifadə etməyə çalışmalıyıq."
Mütəxəssis telefon ekranına uzun müddət baxmağın, xüsusən də uşaqlar üçün, görmə qabiliyyətini zəiflətdiyini vurğulayıb: "Lazım olmadığı halda telefon ekranına uzun müddət baxmaq gözləri yorur və görmə qabiliyyətini sürətlə zəiflədir, xüsusilə uşaqlarda bu problem daha çox müşahidə olunur. Uşaqlar gecə saatlarında telefonu yaxın məsafədən, qaranlıq otaqda istifadə etdikdə, telefonun güclü şüası göz bəbəyinin daralmasına səbəb olur. Məktəbə gedən zaman bu fəsadlar özünü göstərir. Nəticədə, uşaqlar yazı taxtasındakı hərfləri oxumaqda çətinlik çəkir. Bu vərdiş uşaq yaşlarından formalaşır."
Ş.Namazova telefonun elektrik enerjisinə qoşulmuş vəziyyətdə istifadəsinin də düzgün olmadığını bildirib: "Təəssüf ki, çox sayda insan gecə telefonu enerjiyə qoşub yastığının altına qoyur. Bu, birmənalı şəkildə səhvdir. Uzun müddət bu cür istifadə edildikdə, beyin toxumalarının zədələnməsinə səbəb olur. Bununla yanaşı, görmə qabiliyyətinin azalması, yaddaş zəifliyi və yuxu problemləri meydana çıxır. Beyin toxumaları zədələndikdə, yuxu prosesi də pozulur. Yuxu sisteminin pozulması isə sinir sisteminə mənfi təsir göstərir, nəticədə yorğunluq, gərginlik və iştahın azalmasına səbəb olur. İnsanlar bu vəziyyətdə yuxudan yorğun oyanır və yemək istəmir".
Şəbnəm Mehdizadə