Qızıl qiymətində rekord: "Zinət əşyası əvəzinə külçə və sikkə alın" - İqtisadçıdan tövsiyə


  • 11:29

Son dövrlərdə qzılın qiymətində artım tendensiyası davam edir. Belə ki, dünya bazarında qızıl fyuçersinin qiyməti bir troya unsiyası üçün 5 250 ABŞ dollarını ötüb. Bununla da qızılın qiyməti tarixi maksimumu növbəti dəfə yeniləyib. Bəs görəsən, bu bahalaşmanın əsas səbəbləri nələrdir? Mövcud artım davamlıdır, yoxsa müvəqqəti xarakter daşıyır?

Mövzu ilə bağlı e-huquq.az-ın suallarını cavablayan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, qarşıdakı dövrdə qiymətlərdəki artım davam edəcək.

"Qızılın bahalaşma prosesi bir neçə ildir davam edir. Bu il də qızılın qiymətinin artacağı gözlənilir. Əsas səbəblərdən biri dünya mərkəzi banklarının qızıl almasıdır. Hər il iri mərkəzi banklar, o cümlədən Azərbaycan Dövlət Neft Fondu da qızıl alır. Yəni ən böyük alıcı mərkəzi banklar və suveren fondlardır. Bunun səbəbi isə qeyri-müəyyənlik, qlobal iqtisadi risklər, ölkələrin bir-birini hədələməsi və ticarət sanksiyaları tətbiq etmələridir. Dünyanın yenidən bölüşdürülməsi meylləri artdıqca bu səbəblər də artır. Həmçinin inflyasiyanın azalması da əsas səbəblərdəndir. Bütün bunların fonunda 2026-cı ildə qızılın qiymətinin 10 faiz də artacağı proqnoz edilir", - deyə iqtisadçı qeyd edib.

X.Kərimli qızıl yatırımı üçün zinət əşyaları əvəzinə külçə, sikkə və ya qızıl səhmləri kimi likvid və dəyərini qoruyan alətlərin alınmasını tövsiyə edir: "Vətəndaşlar yatırım etmək istəyirsə, zərgərlik məhsulu alması tövsiyə edimir. Çünki satış zamanı bu, səmərəli olmur. Qızıl almaq deyəndə sikkə, külçə, qızıl səhmlərindən söhbət gedə bilər. Vətəndaş sərvətinin bir hissəsini bu şəkildə saxlaya bilər. Zərgərlik məhsullarının dəbi, zövqü zamanla uyğunlaşmır. Həmçinin zərgərlik məhsullarında qızılın çəkisi də, əyarı da fərqli olur. Yatırım məqsədilə zərgərlik məhsulu alırsansa, onu satanda adətən əridilir. Yaxud kiməsə satanda öz qiymətindən daha ucuz satılır. Ona görə də zinət əşyalarındansa qızıl külçənin alınması məqsədə uyğundur".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər