- 12:58
Hazırda Bakıda 1 000-ə yaxın avtobusun dəyişdirilməsinə ehtiyac var.
E-huquq.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə işlər 2030-cu ilə qədər tamamlanacaq: "Paytaxtda həmin dövrə qədər avtobusların sayının 2 800-ə çatdırılması nəzərdə tutulur. Gördüyünüz kimi, yeni avtobusların rəngi qırmızıdır. Zamanla şəhərdəki ağ rəngdə olan avtobusların sayı azalacaq".
O bildirib ki, avtobus parkının mərhələli qaydada yenilənməsi prosesində ötən il ərzində Bakıya 400-ə yaxın avtobus gətirilib: "Ölkə üzrə isə ötən il ümumilikdə 600-dən artıq avtobusun yenilənməsi həyata keçirilib. Bu ildən xüsusi "İctimai nəqliyyat" büdcə fondunun yaradılması və daşıyıcılarla "brutto müqavilə sistemi"nə keçid avtobus parkının ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri sayəsində yenilənməsini sürətləndirəcək".