Telefonun batareyasının ömrünü azaldan səhvlər - İT mütəxəssisi AÇIQLADI


  • 17:10

Ən müasir mobil telefonlar belə bəzən gözləniləndən daha tez enerji itirir və bu, istifadəçilər üçün ciddi narahatlıq yaradır. Batareyanın sürətlə boşalmasının arxasında həm texniki amillər, həm də gündəlik istifadə vərdişləri dayanır.

Mövzu ilə bağlı e-huquq.az-a danışan İT mütəxəssisi Qafar Əhmədov deyib ki, adi qaydada 2 ildən sonra telefonun batareyası zəifləməyə başlayır və bu normal haldır.

Onun sözlərinə görə, əslində mobil telefonun bəlli bir isifadə qaydası yoxdur. Sadəcə başlıca olaraq bir neçə məqama diqqət etmək lazımdır.

"Məsələn, telefonu enerjidə taxılı olarkən istifadə etmək onun batareyasına zərərdir. Bu zaman telefonda qızma olur. Temperaturun artması isə batareyanı zəiflədir. Xüsusilə telefon enerjidə olarkən ağır işlər görmək, oyun oynamaq tösiyə edilmir. Yaxşı olar ki, təcili olduğu halda telefonun enerjisi azaldığı zaman şarj etmək əvəzinə, portativ enerji yığan qurğudan istifadə edilsin. Bundan başqa, telefonu tez-tez enerjiyə taxmaq düzgün deyil. Yeganə qayda budur ki, telefonun enerjisi 10-20 faizdən aşağı düşdüyü zaman enerjiyə taxılmalıdır. Bəzən insanlar 40-50 faiz enerjisi olduğu zaman belə onu şarja taxır. Bu batareyanın ömrünü azaldır. Ona görə məsləhətdir ki, telefon gec-gec şarj edilsin", - deyə mütəxəssis bildirib.

Q.Əhmədov vurğulayıb ki, bütün qaydalara riyaət edilirsə və yenə də batareya faizi aşağı düşürsə, bu artıq telefonun problemidir: "Ola bilsin ki, ya məhsul orjinal deyil ya da vitrin məhsuludur. Vitrində satılan telefonlar daimi şarjda qaldığı üçün qısa müddət sonra batareyası ölür".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər