- 17:44
Yuxu rejimi bədənin fiziki və zehni sağlamlığını qorumaq üçün müntəzəm və keyfiyyətli yuxu alışqanlıqlarının formalaşmasıdır. İnsan orqanizmi yuxu zamanı bərpa olunur, bununla yanaşı, düzgün yuxu rejimi gündəlik həyatın daha enerjili və balanslı keçməsinə kömək edir. Sağlam yuxu, həmçinin zehni funksiyaların güclənməsi və immun sisteminin möhkəmlənməsi baxımından da mühüm rol oynayır. Yuxu rejiminin pozulması isə bədənin təbii ritmini pozaraq müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Uzun müddət davam edən yuxusuzluq və ya qeyri-müntəzəm yuxu stressin artmasına, yaddaş problemlərinə, immunitetin zəifləməsinə və hətta psixoloji narahatlıqlara yol açar. Bu da gündəlik həyatın keyfiyyətini aşağı salır və fiziki və zehni vəziyyətin pisləşməsinə gətirib çıxara bilər.
Bəs yuxu rejiminin pozulması hansı səbəblərdən baş verir?
Professor Adil Qeybulla e-huquq.az-a açıqlamasında deyib ki, yuxu rejiminin pozulması həm psixoloji amillərdən, həm də beyində gedən üzvi proseslərdən asılıdır.
"Beyindəki müxtəlif xəstəliklər, o cümlədən stress və psixoloji gərginlik, yuxu sistemini pozaraq uzunmüddətli oyanmalara səbəb ola bilər. Belə vəziyyətlərdə insanlar gecə yuxusuna getməkdə çətinlik çəkir və ya yuxuya getdikdən qısa müddət sonra oyanırlar, nəticədə yuxu müddəti azalır. Normalda beyində oyanma və tormozlanma prosesləri balanslı şəkildə gedir və bir-birini əvəz edir. Bu balans sayəsində beyin sutkanın müəyyən saatlarında oyaq, digər saatlarında isə istirahət edir. Əks halda, nevrozlar baş verə bilər və beyin funksiyalarında tarazlıq pozularaq nevrogen reaksiyalar yaranar. Bu zaman əsəbilik, qıcıqlanma, daxili gərginlik, əllərin əsməsi kimi hallar müşahidə oluna bilər", - deyə o bildirib.
Professor vurğulayıb ki, stress bir çox xəstəliklərin yaranmasına səbəb ola bilər və yuxusuzluq bu xəstəliklərin əsas mənbəyinə çevrilir: "Buna görə də yuxusuzluq ciddi problem sayılır. Yuxu rejimini bərpa etmək və sağlam yuxu üçün nevropatoloqa müraciət etmək vacibdir. Səbəblər araşdırılmalı və müvafiq müalicə ilə yuxu rejimi ritmə salmaq vacibdir".
Şəbnəm Mehdizadə