- 18:45
Bu gün Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən İqtisadi Şuranın iclasında "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın icrası müzakirə edilib.
E-huquq.az Nazirlər Kabinetinə istinadən xəbər verir ki, iclasda Prezident İlham Əliyevin 2026-cı il yanvarın 5-də yerli televiziya kanallarına verdiyi geniş müsahibədən irəli gələn tapşırıqlar, 2025-ci ilin sosial-iqtisadi inkişaf göstəriciləri, İqtisadi Şuranın 2026-cı il üzrə Fəaliyyət Planı müzakirə olunub.
Həmçinin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın 2025-ci il üzrə monitorinq və qiymətləndirmə nəticələrinə dair hesabatlar nəzərdən keçirilib.
Bununla yanaşı, sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması, biznes mühitinin yaxşılaşdırılması üzrə islahatlara dair İşçi qrupun təqdimatı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2025-ci il üzrə Fəaliyyət Hesabatı və 2026-cı il üçün Fəaliyyət Planı, eləcə də digər aktual məsələlər müzakirə edilib.
Gündəlikdə olan məsələlər üzrə Prezidentin köməkçisi Natiq Əmirovun və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının məruzələri dinlənilib. Müzakirələrdə İqtisadi Şuranın üzvləri və ədliyyə naziri Fərid Əhmədov çıxış ediblər.
İclasın yekununda üzvlərin rəy və təklifləri nəzərə alınmaqla müvafiq qərarlar qəbul edilib və aidiyyəti qurumlara tapşırıqlar verilib.