- 13:17
"Rəqəmsal klonlama və rəqəmsal təhlükəsizliklə bağlı narahatlıqlar xeyli artıb".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev parlamentin bugünkü plenar iclasında deyib.
Onun sözlərinə görə, bir sıra şəxslərin, o cümlədən dövlət rəsmilərinin, hətta Prezidentin adından klonlaşdırılmış, saxta və yanlış məlumatlar yayılır: "Bu cür hallar cəmiyyətdə çaşqınlıq yaradır".
A.Quliyev qeyd edib ki, bu addımların əsas məqsədi Azərbaycanda çaşqınlıq yaratmaq və ölkənin informasiya məkanına hücum etməkdir. O vurğulayıb ki, bu halların artmasının bir neçə səbəbi var və əsas problemlərdən biri qanunvericilikdə rəqəmsal klonlama ilə mübarizə aparmaq üçün real mexanizmlərin olmamasıdır.
"Mövcud qanunvericilikdə anlayışlar və konkret hüquqi mexanizmlər dəqiq tənzimlənmir, bu cür əməlləri törədən şəxslər isə faktiki olaraq heç bir məsuliyyət daşımırlar. Bu vəziyyətin qarşısı alınmalı, rəqəmsal təhlükəsizliklə bağlı ayrıca qanun layihəsi hazırlanmalıdır", - deyə deputat qeyd edib.
A.Quliyev vurğulayıb ki, şəxsin razılığı olmadan onun səsinin, görüntüsünün və davranışlarının klonlaşdırılması qadağan edilməlidir. O əlavə edib ki, dünya təcrübəsində bu sahədə konkret hüquqi mexanizmlər mövcuddur və bir sıra ölkələrdə bu cür cinayətlərə görə 7 ilə qədər həbs cəzası nəzərdə tutulur: "Əgər bu əməllər dövlət rəsmilərinə qarşı törədilərsə, cəza ikiqat artır".
Bundan başqa, deputat süni intellekt vasitəsilə hazırlanmış video və foto materialların xüsusi şəkildə etiketlənməsinin vacibliyi vurğulayıb: "İnsanlar bu materialların real gerçəkliyi əks etdirmədiyini aydın şəkildə bilməlidirlər".
Şəbnəm Mehdizadə