"Azərbaycan həm hüquqi, həm də ilahi ədaləti bərpa etdi" - DEPUTAT


  • 16:27

"Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması prosesinin ən vacib komponentlərindən biri insanlıq əleyhinə cinayətlər törətmiş şəxslərin ədalət mühakiməsi qarşısına çıxarılmasıdır".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Elçin Mirzəbəyli ötən gün Bakı Hərbi Məhkəməsində hərbi cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşlarına hökm oxunması ilə bağlı danışarkən deyib.

Deputat bildirib ki, bu addım təkcə cənab Prezidentin Azərbaycan xalqı qarşısında verdiyi vədin yerinə yetirilməsi deyil, eyni zamanda bütövlükdə bəşəriyyətə xidmət edən bir prosesdir: "Çünki nsanlıq əleyhinə törədilən cinayətlər motivindən və hansı xalqa qarşı həyata keçirilməsindən asılı olmayaraq, mahiyyət etibarilə bütün bəşəriyyətə qarşı yönəlmiş cinayətlərdir".

E.Mirzəbəyli vurğulayıb ki, Azərbaycanın ədaləti bərqərar etməsi insanlıq əleyhinə cinayətlərin cəzasız qalmasının presedentə çevrilməsinin qarşısını alıb və bu, son dərəcə vacib məqamlardandır.

O qeyd edib ki, ölkəmiz öz suverenliyini təmin etməklə beynəlxalq hüququn norma və prinsiplərinin icrasına nail olub: "Uzun illər ərzində BMT qətnamələrinin icrasını təmin edə bilməyən və ya buna iradə göstərməyən beynəlxalq təsisatların yerinə Azərbaycan bu missiyanı özü həyata keçirib. Hazırkı şəraitdə ağır müharibə cinayətləri törətmiş şəxslərin ədalət mühakiməsi qarşısına çıxarılması istiqamətində beynəlxalq qurumların ata bilmədiyi addımı Azərbaycan dövləti gerçəkləşdirib. Bununla Azərbaycan həm hüquqi, həm də ilahi ədaləti bərpa edib, eyni zamanda beynəlxalq təsisatları üzləşdikləri ciddi reputasiya problemlərindən xilas edib. Vaxtilə Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad olunması ilə bağlı qətnamələr qəbul edən, eləcə də beynəlxalq ədalətin təmin olunmasına məsul olan qurumlar bu məsuliyyəti yerinə yetirə bilməyiblər. Lakin Azərbaycan digər sahələrdə olduğu kimi, bu istiqamətdə də qətiyyətli siyasət yürüdərək nəticə əldə edib".

Deputat bildirib ki, müharibə cinayətlərinin cəzasız qalması yeni cinayətlərin törədilməsinə zəmin yaradır. Azərbaycan isə öz nümunəsində sübut edib ki, bu cür proseslərin qarşısını almaq və onları hüquqi müstəvidə dəyərləndirmək mümkündür: "Bu yanaşma gələcəkdə analoji cinayətlərin baş verməməsi üçün mühüm presedent yaradır".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər