Azərbaycan işğalçıları həm meydanda, həm də hüquq müstəvisində məğlub etdi - RƏY


  • 17:58

""Əsrin məhkəməsi" adlandırılan bu hüquqi proses Vətən müharibəsində qazanılan qələbənin nəticəsidir. Ordumuz torpaqlarımızı işğaldan azad etməklə yalnız suverenliyimizi və ərazi bütövlüyümüzü təmin etməyib, eyni zamanda məhkəmə təsisatlarına imkan yaradıb ki, onlar erməni cinayətkarlarını ittiham etsin və onlar barədə hökm çıxarsınlar".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc ötən gün Bakı Hərbi Məhkəməsində hərbi cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşlarına hökm oxunması ilə bağlı danışarkən deyib.

O bildirib ki, məhkəmə tam sərbəst, müstəqil və beynəlxalq hüquq prinsiplərinə uyğun addımlar atıb və heç bir müdaxilə edilməyib. Bu isə özlüyündə prosesin uğurla aparılmasının əsas amillərindən biridir.

Deputat bildirib ki, Azərbaycan dövləti eyni vaxtda iki paralel, lakin bir-birini tamamlayan strategiya həyata keçirib: "Bir tərəfdən cinayətdə məsuliyyət daşıyan şəxslərlə bağlı hüquqi addımlar atılıb, digər tərəfdən isə 8 avqustda ABŞ ilə paraflanan sülh sazişi çərçivəsində regionda barış prosesinin irəliləməsi təmin edilib".

Z.Oruc əlavə edib ki, müharibə və məhkəmə prosesi humanitar prinsiplərə uyğun aparılıb, nifrət dilindən irəli gələn heç bir məfhum olmayıb: "Azərbaycan xalqı və dövləti buna imkan vermədiyi üçün xarici qüvvələr planlarını həyata keçirə bilməyiblər".

Deputat prosesi Yuqoslaviya və Ruanda kimi beynəlxalq tribunallarla müqayisə edərək deyib: "Azərbaycan dövləti bu prosesi bütövlükdə müvafiq qurumların səlahiyyətləri çərçivəsində uğurla həyata keçirdi. Əslində, Yuqoslaviya və Ruanda nümunələrində olduğu kimi, müharibə cinayətləri və beynəlxalq cinayət xarakteri daşıyan soyqırımı halları ilə bağlı xüsusi tribunallar yaradılır. Bu cür cinayətlər yalnız milli məhkəmələr vasitəsilə deyil, beynəlxalq səviyyədə də mühakimə olunur və bunun ayrıca mexanizmləri mövcuddur. Lakin göründüyü kimi, uzun illər ərzində həmin xarici dairələr bu gün mühakimə olunan şəxsləri təntənə ilə qəbul edirdilər. Onlar dövlət rəhbəri kimi qarşılanır, önlərinə qırmızı xalça sərilir, xüsusi protokol tətbiq olunurdu. Separatizmi beynəlxalq hüququn subyekti kimi təqdim etmək üçün hər cür maliyyə, hərbi, hüquqi və siyasi dəstək göstərilirdi. Mövcud şəraitdə isə bu prosesi həyata keçirmək Azərbaycanın üzərinə düşdü. Məhz buna görə də bu məhkəmə "Əsrin məhkəməsi" adlandırılır və yüzillər sonra da tarixdə qalacaq. Torpaqlarımızı işğal edən, daha da önəmlisi xalqları bir-birinə düşmən etməyə çalışan, bir milyon köçkünün taleyinə, 23 mindən artıq şəhidin qanına bais olan qüvvələr layiqli cəzalarını alacaqlar. Onlar həm hərbi meydanda məğlub ediləcəklər, həm də hüquqi müstəvidə cavab verəcəklər".

Deputat həmçinin bildirib ki, məhkəmədə çıxarılan hökm yalnız məhkəmə qərarı deyil, həm də 1 milyona yaxın məcburi köçkün və şəhid ailələrinin hüquqlarının bərpasıdır. Bu qərar eyni zamanda ermənilərin revanşist addımlarının qarşısını almaq üçün hüquqi əsas rolunu oynayacaq.

Z.Oruc məhkəmə prosesi ilə bağlı beynəlxalq reaksiyalara da toxunub: "Biz görürük ki, Fransada üç gün əvvəl Milli Assambleya tərəfindən qətnamə qəbul olunub və onun preambula hissəsində Qrenlandiyanın suverenliyinin müdafiə edildiyi qeyd edilir. Daha sonra Yaxın Şərqdə sülhün vacibliyi vurğulanır, Ukraynada isə Rusiya işğalı pislənilir. Eyni zamanda bəyan olunur ki, separatçılara cəza verilməsi tələbləri guya Ermənistanı məhv etmək, o cümlədən erməni xalqına qarşı məhvetmə planının tərkib hissəsidir. İlk növbədə sual yaranır: biz nəyi müşahidə etdik? Bu hökm fonunda Ermənistanda on minlərlə insanın iştirak etdiyi kütləvi etiraz aksiyalarını gördükmü? Müdafiə kampaniyası naminə sadə vətəndaşlar səfərbər olundumu? Xeyr. Çünki həmin insanlar da dərk edirlər ki, əgər meydana axışsalar, sabah övladlarını haqsız bir müharibəyə qurban verməli olacaqlar. Onlar məğlub ediləcəklərini bilirlər. Bu mənada Fransanın Milli Assambleyasının qəbul etdiyi qərar Ermənistanı xilas etməkdən daha çox onu yox etməyə hesablanıb".

Deputat Azərbaycan və Ermənistan liderlərinə fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdim olunmasından da danışıb: "Bu mükafat nəyə görə verilmişdi? Məhz 8 avqustda daha da rəsmiləşən qələbəmizin legitimliyinin tanındığı sülh prosesinə görə. Araik HarutUnyan və digər məsul şəxslərə ən böyük cəza yalnız hakimlərimiz tərəfindən verilmədi, bu, həm də Ərəb Əmirliklərindəki sülh səhnəsi vasitəsilə nümayiş olundu. Paşinyan isə bəyan etdi ki, bu addımları inanılmaz sayır. Çünki ölkə rəhbəri vurğulamışdı ki, bu bir modeldir. Bu, həm də beynəlxalq təhlükəsizlik sisteminin mövcudluğu ilə bağlı böyük çağırışları göstərir, çünki beynəlxalq təhülkəsizlik sistemi, onun sözlərinə görə, çöküb və fəaliyyət qabiliyyətini itirib".

Z.Oruc qeyd edib ki, Azərbaycanın addımları əslində yeni dünya düzəninin bir formulasıdır: "Ermənistan rəhbəri isə inana bilmirdi ki, cəmi altı aylıq müddət ərzində sülh üçün konkret addımlar atıla, məhdudiyyətlər aradan qaldırıla və hətta Azərbaycan Ermənistana neft məhsulları ixrac edə bilər. Bu səbəbdən, Azərbaycanla Ermənistan arasında sülhə doğru addımlar atdıqca bəzi beynəlxalq qüvvələr - uzun illər imperiya kimi bölgəni idarə edən, xalqları bir-birinə düşmən edən, neft, qaz və digər sərvətləri mənimsəmək istəyən dairələr - indi hərəkətə keçərək guya Ermənistanın mənafeyini müdafiə etdiklərini nümayiş etdirirlər. Bu proses fonunda, Ermənistanın özü belə müdafiə etmədiyi xarici həmrəylik vasitəsilə Azərbaycan əleyhinə təzyiq kampaniyaları həyata keçirilir. Ona görə də bizim üçün başlıca məsələ sülhə qarşı çıxan dairələri hüquqi baxımdan məsuliyyətə cəlb etməkdir. Biz bu prosesi belə təhlil etməli və dəyərləndirməliyik. Qarşıdakı dövrdə regionda bütün kommunikasiyaların açılmasına və sülh müqaviləsinin imzalanmasına çalışmalıyıq. Bizim üçün verilən qərarın siyasi mənası məhz budur".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər