Qəbələdə Beynəlxalq Qış Hüquq Məktəbinin VII buraxılışı keçirilib - FOTO


  • 18:49

8-15 fevral 2026-cı il tarixlərində Qəbələ şəhərində müqavilə hüququna həsr olunmuş “WELS Gabala” Qış Hüquq Məktəbinin 7-ci buraxılışı uğurla həyata keçirilib.

E-huquq.az xəbər verir ki, tədbir ELSA Azərbaycanın təşkilatçılığı, “Turan Legal and Tax Services” və “Azerlegal Group”un maliyyə dəstəyi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının, “Legalize Law Firm”, “KPMG Law Azərbaycan” və “Ironwood Consulting” kimi nüfuzlu hüquq şirkətlərinin isə akademik əməkdaşlığı, həmçinin mədəni proqram üzrə “Savalan Aspi Winery” MMC-nin dəstəyi ilə baş tutub.

Tədbirin açılış mərasimində Təşkilat Komitəsinin sədri Əli Səfərəliyev və akademik proqram üzrə məsul şəxs Səmayə Abbasquliyeva çıxış edərək Qış Hüquq Məktəbinin müqavilə hüququ sahəsində biliklərin artırılması, gənc hüquqşünasların inkişafı və beynəlxalq şəbəkələşmənin gücləndirilməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıblar.

Builki Qış Hüquq Məktəbi Macarıstan, Böyük Britaniya, Polşa, Türkiyə, Çexiya və İsveç də daxil olmaqla müxtəlif Avropa ölkələrindən gəlmiş təxminən 15 hüquq tələbəsini bir araya gətirib. İştirakçılar həm akademik proqram çərçivəsində müqavilə hüququnun aktual aspektlərini müzakirə edib, müxtəlif hüquqşünas və ekspertlərin məruzələrini dinləyib, həm də intensiv sosial və mədəni proqram vasitəsilə şəbəkələşmək imkanı əldə ediblər.

7 gün davam edən proqram çərçivəsində iştirakçılar Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olublar. Nohur gölü, Şəki xan sarayı, “Qəbələnd” istirahət mərkəzi, Savalan şərab zavodu səfərləri kimi tədbirlər xarici iştirakçılar üçün unudulmaz təcrübə yaradıb. Qonaqlar həmçinin bir həftə ərzində Azərbaycan mətbəxinin çoxsaylı nümunələrini dadaraq ölkənin kulinariya irsini kəşf ediblər.

Tədbirin akademik hissəsinin yekununda iştirakçılar üçün praktiki bacarıqların inkişafına yönəlmiş müqavilə mübahisələri üzrə arbitraj simulyasiyası da keçirilib ki, bu da onların əldə etdikləri bilikləri tətbiq etməsinə imkan verib.

“WELS Gabala 2026” həm akademik, həm də mədəni baxımdan zəngin proqramı ilə iştirakçıların hüquqi biliklərini artırmaqla yanaşı, onların müxtəlif ölkələrdən olan həmkarları ilə əlaqə qurmasına və Azərbaycan mədəniyyətini yaxından tanımasına şərait yaradıb.

Oxşar xəbərlər