- 14:45
Fevralın 18-də "Caspian Energy Club" və Azərbaycan Milli Biznes Assosiasiyasının birgə təşkil etdiyi Milli Biznes İnkişafı Forumunun ədliyyə nazirinin müavini Abiddin Hüseynovun iştirakı ilə xüsusi sessiyası keçirilib.
E-huquq.az xəbər verir ki, sessiya çərçivəsində hüquqi islahatlar, biznes mühitinin təkmilləşdirilməsi, dövlət-özəl sektor əməkdaşlığı və sahibkarların qarşılaşdığı aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Sessiyada Vəkillər Kollegiyasının üzvü, "Mirzayev and Partners Law Firm" hüquq şirkətinin direktoru, hüquq elmləri üzrə fəlsəfə doktoru Şaiq Mirzəyev də iştirak edib.
Tədbir çərçivəsində "Mirzayev and Partners Law Firm" hüquq şirkətinə "Caspian Energy Club" tərəfindən "BEAR CLUB Membership" statuslu üzvlük sertifikatı təqdim edilib.
Ş.Mirzəyev sessiyanı müsbət qiymətləndirib. O deyib ki, belə tədbirlər sahibkarlara və dövlət qurumlarına biznesi daha əlverişli və şəffaf hüquqi çərçivədə inkişaf etdirmək imkanları barədə fikir mübadiləsi aparmaq imkanı verir.
"Eyni zamanda dövlət qurumları ilə sahibkarlar arasında dialoqu gücləndirir və birgə layihələrin inkişafına şərait yaradır. Belə sessiyalar ölkədə biznesin inkişafını dəstəkləyən uzunmüddətli strateji addımların hazırlanmasına töhfə verir", - deyə vəkil qeyd edib.