Havalar niyə bu qədər isti keçir? - AÇIQLAMA


  • 15:31

"Soyuq havalardan sonra temperaturun birdən-birə yüksəlməsi insanlar arasında narahatlıq yaradır, amma narahat olmağa dəyməz".

Bu sözləri e-huquq.az-a açıqlamasında "Biosfer" İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli son günlərdə isti hava şəraitinin müşahidə olunması ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, havanın isti keçməsində qlobal iqlim dəyişikliyinin təsiri var. Lakin fevral ayında Bakı şəhərində və ya Aran rayonlarında müşahidə edilən isti hava yerləşdiyimiz mülayim subtropik iqlim qurşağı ilə bağlıdır.

Q.İbrahimli keçmişdə də qış aylarında zaman-zaman isti hava şəraiti müşahidə edildiyini bildirib: "Fevral ayında Azərbaycanın bütün bölgələri qarla örtülməyib və iqlimə görə bu, normaldır. Naxçıvanda dekabr ayında həddindən artıq qar yağıb və mart ayına qədər qalırdı. Lakin Kürdəmir, Beyləqan, Sabirabad, Saatlı kimi rayonlarda isə qışda müsbət temperatur müşahidə olunurdu. Yəni, bu hallar əslində anomaliya deyil, bir neçə ildən bir təkrarlanan hadisələrdir".

Ekoloq əlavə edib ki, iqlim dəyişikliyi Yer üzündəki canlı aləminin yaranmasından etibarən baş verən bir prosesdir: "İnsanlar və heyvanlar oksigeni udub, karbon qazı buraxdıqca, bu, iqlimə təsir edir. Son dövrlərdə baş verən meşə yanğınları, təbiətdə karbon qazının artmasına səbəb olur. Əvvəlki illərdə isə bu mövzuya ciddi əhəmiyyət verilmirdi, lakin bu gün dünya iqlim dəyişikliyinin ağır nəticələrini hiss edir".

Q.İbrahimli bildirib ki, son günlər müşahidə edilən isti hava qısa müddətlik bir hadisədir. Yaxın günlərdə temperaturun düşməsi və şimal küləyi ilə Atlantik okeanından soyuq, yağışlı hava gəlməsi gözlənilir. Hətta bu prosesdə qarın yağması da ehtimal olunur.

Ekoloq insanların narahat olmasına heç bir səbəb olmadığını, təbiətdəki bu dəyişikliklərin bir çoxunun təbii olduğunu və illərdən bəri təkrarlanan hadisələr olduğunu vurğulayıb.

O, sonda insanları ətraf mühitə qarşı diqqətli olmağa və yaşıllıqları qorumağa çağırıb: "Çünki Bakı şəhəri, demək olar ki, beton binalarla örtülüb, bu da mövcud yaşıllıqların məhv olmasına səbəb olur. Yenilənməyən yaşıllıq sahələri isə anomal hava şəraitinin yaranmasına gətirib çıxarır. Havanın isti keçməsi, xüsusilə torpağa düşən günəş şüalarının geri qayıtmaması və torpağın altına keçirilməsi nəticəsində, səhralaşma prosesinin sürətlənməsinə yol açır. Səhralaşmanın əsas səbəbi isə insanların fəaliyyəti ilə əlaqədardır. Bundan başqa, Bakıda tez-tez baş verən torpaq sürüşmələri və toz fırtınaları da insan fəaliyyətinin nəticəsidir. Daş karxanalarının yerləşdiyi istiqamətlərdə külək tozun yaranmasına səbəb olur və bu toz bizim nəfəsimizə keçir, sağlamlığımıza zərər verir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər