Məktəblərdə qida təhlükəsizliyi: Zəhərlənmələrin qarşısını necə almalıyıq?


  • 17:24

Xəbər verdiyimiz kimi, ötən gün Göygöl rayonu Aşıqlı kəndinin C.Verdiyev adına tam orta məktəbində 10 şagird zəhərlənib. Bu hadisə məktəblərdə qida təhlükəsizliyi məsələlərinin nə qədər vacib olduğunu bir daha gündəmə gətirib.

Mövzu ilə bağlı e-huquq.az-ın suallarını cavablandıran qida eksperti Elsevər Fərzəliyev deyib ki, məktəblərdə kütləvi zəhərlənmə təkcə şagirdlərə deyil, eyni zamanda təhsil müəssisəsindəki digər şəxslərin həyatı üçün də ciddi təhülkədir.

O bildirib ki, əsas məsələ qidanın və onun hazırlanmasında istifadə olunan xammalın düzgün şəraitdə saxlanmaması ilə əlaqəlidir: "Qida məhsulunun sağlam olması üçün ən vacib amil sağlam kənd təsərrüfatıdır. Kənd təsərrüfatı sağlam olarsa, düzgün qida istehsal etmək mümkündür. Məktəblərdə saxlanılacaq qidaların temperaturuna diqqət yetirilməlidir, soyuq qida zənciri heç bir halda qırılmamalıdır. Lakin təəssüf ki, bəzən məktəblərdə soyuducular yoxdur və hazırlanan qida birbaşa satılır. Qida məhsulları 5 dərəcədən aşağı, 63 dərəcədən isə yuxarı temperaturda saxlanılmalıdır. Əgər məktəblərdə istifadə olunan və hazırlanan qidalar bu tələblərə uyğun saxlanılmırsa, bu, məhsulun korlanmasına səbəb olur və nəticədə zəhərlənmələr yaşanır".

Ekspert deyib ki, eyni zamanda, qida məhsullarının saxlanıldığı mühitdə kimyəvi yuyucu vasitələrin istifadəsi və mikrobioloji korlanmanın qarşısının alınması məsələləri də önəmlidir.

E.Fərzəliyev bu amillərin düzgün təmin edilmədiyi halda qida məhsulunun sağlam olmamasına və zəhərlənməyə yol açılmasına diqqət çəkib.

Ekspert alınan məhsulların sağlam olduğunu təmin etmək üçün hər bir şəxsin daha diqqətli olmasını tövsiyə edir: "Əgər məhsulun xammalı sağlamdırsa, onu həm evdə, həm də məktəbdə istifadə etmək olar. Lakin saxlanma şəraitinə ciddi riayət olunmalıdır. Məktəblərdə isə, təəssüf ki, bu şərait bəzən təmin olunmur".

"Zəhərlənmələrin qarşısını almaq üçün məktəblərdə qida təhlükəsizliyi standartlarına ciddi riayət edilməli, xüsusilə saxlanma temperaturu və qida məhsullarının mikrobioloji təhlükəsizliyi təmin olunmalıdır. Əks halda, zəhərlənmə halları qaçılmaz olur", - deyə E.Fərzəliyev əlavə edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər