Əbülfət Rzayev: “Əməliyyat-axtarış fəaliyyətində dövlət sirrinin qorunması vacib şərtdir”


  • 20:53

Cinayət prosesinin bütün mərhələlərində, xüsusilə ibtidai araşdırma zamanı sübutların qanuni əsaslarla əldə edilməsi və qiymətləndirilməsi tərəflərin hüquqlarının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır. İbtidai araşdırma başa çatdıqdan sonra proses iştirakçılarının iş materialları ilə tanış olmaq hüququ təmin edilməli, bu zaman şahidlərin və əməliyyat tədbirlərində iştirak etmiş şəxslərin təhlükəsizliyi nəzərə alınmalıdır.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Hakimlərinin II Forumu çərçivəsində "Cinayət mühakimə icraatının aktual məsələləri və müasir çağırışlar" mövzusunda keçirilən 3-cü panel müzakirəsində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Əbülfət Rzayev bildirib.

O qeyd edib ki, cinayət prosesinin iştirakçılarına təqdim edilən materiallarda əməliyyat-axtarış fəaliyyətində iştirak etmiş şəxslərin şəxsiyyətinə dair məlumatların açıqlanması ciddi risklər yarada bilər: “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanunun 14-cü maddəsinə əsasən, bu tədbirlərin təşkili və həyata keçirilməsi zamanı istifadə olunan vasitələr, mənbələr, üsullar və nəticələr, habelə maliyyələşmə göstəriciləri dövlət sirri hesab olunur və mühafizə edilir. “Dövlət sirri haqqında” Qanunun 5.1-4.1-ci maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2005-ci ildə təsdiq etdiyi müvafiq siyahıya əsasən, mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlərə dair məlumatlar dövlət sirrinə aid edilir”.

Əbülfət Rzayev deyib ki, bu cür məlumatların açıq icraatlarda və ya məhkəmə baxışı zamanı açıqlanması əməliyyat-axtarış fəaliyyəti ilə məşğul olan əməkdaşların, eləcə də onların ailə üzvlərinin təhlükəsizliyinə real təhdid yarada bilər. Bəzi hallarda isə bu şəxslər barəsində sosial şəbəkələrdə həqiqətə uyğun olmayan, mənfi məzmunlu paylaşımlar aparılır ki, bu da onların şəxsi həyatına və peşə fəaliyyətinə ciddi zərər vurur.

Çıxışında bu risklərin qarşısının alınmasının vacibliyini vurğulayan Əbülfət Rzayev vurğulayıb ki, cinayət prosesində sübutların araşdırılması zamanı qanunvericiliyin tələbləri ilə yanaşı, dövlət və ictimai təhlükəsizlik maraqları da balanslaşdırılmalı, əməliyyat-axtarış fəaliyyətində iştirak edən şəxslərin hüquqları və təhlükəsizliyi etibarlı şəkildə qorunmalıdır.

Oxşar xəbərlər