- 11:02
“Güvenli-Servis Management” MMC tərəfindən Azərişıq ASC-yə qarşı məhkəmə iddiaları qaldırılıb.
Bu barədə e-huquq.az-a “Güvenli-Servis Management” MMC-dən məlumat verilib.
Belə ki, şirkət Bakı Kommersiya Məhkəməsinə müraciət edərək 3 ayrı-ayrı abunə kodu üzrə elektrik enerjisi sərfiyyatına görə borcların düzgün hesablanmadığını iddia edib.
Məlumata görə, iddiaçı “Güvenli-Servis Management” MMC ilə cavabdeh “Azərişıq” ASC arasında 3 ədəd elektrik enerjisinin elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanıb: "Bundan sonra cavabdeh “Azərişıq” ASC-nin nümayəndəsi tərəfindən 12/47-879 №-li abonent kodu üzrə olan 17.02.2023-cü il tarixli müqavilə üzrə 118000 manat, 12a/370 №-li abonent kodu üzrə 17.02.2023-cü il tarixli müqavilə üzrə 76579 manat və 07/58-159 №-li abonent kodu üzrə 17.02.2023-cü il tarixli müqavilə üzrə 15378 manat borc hesablanıb”.
“Güvenli-Servis Management” bildirib ki, qeyd olunan halların araşdırılması məqsədilə iddiaçı tərəfindən müəssisə daxili yoxlamanın aparılması zərurəti yaranıb və həmin yoxlama nəticəsində borc məbləğinin əsassız yazılaraq şişirdilməsi faktları öz təsdiqini tapıb.
“Güvenli-Servis Management” MMC məhkəməyə müraciət edərək “Azərişıq” ASC tərəfindən əsassız yazılmış borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
Qeyd olunub ki, şirkətin xidmət göstərdiyi sakinlərin və müəssisələrin sayğacları ilə hesablanmış ümumi 19400 manat məbləğində pul vəsaiti “Güvenli-Servis Management” sayğaclarından digər abonentlərin ödənişləri çıxılmayıb, baş sayğacın və çıxılan sayğacların eyni vaxtda hesablanması nəticəsində hesablama ikiqat aparılıb, bununla da əsassız borc məbləği yaranıb. Bundan əlavə,şirkət tərəfindən ASC-ə məktubla müraciət edilib, binada quraşdırılmış qeyri-əhali sayğaclarının bir neçəsinin quraşdırıldığı dövrdən işlətdiyi enerjinin sərfiyyatının 12/47-879 nömrəli abonent kodundan çıxılmadığı bildirilib, bu barədə bir neçə dəfə “Azərişıq” ASC xəbərdar olunub. Lakin həmin xəbərdarlıqların heç bir nəticəsi olmayıb. MMC tərəfindən “Azərişıq” ASC ünvanlanmış məktubla “Makel” markalı 35036690 seriya nömrəli sayğacın elektrik enerjisi ödənişlərinin şirkətdən 12 il ərzində 11000 manatdan çox pulun ödəniş kimi qurum tərəfindən qəbul edilməsi və bu sayğacın ödənişinin parallel olaraq “Ultel” MMC şirkətindən də alınması bildirilib. Həmin hal isə iş materiallarına əlavə edilmiş hesab ödəniş vərəqindən və “Sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə” AKT-la “Azərişıq” ASC-nin özünün təqdim etdiyi hesab ödəniş vərəqi ilə müəyyən edilir. Lakin “Azərişıq” ASC öz qanunsuz hesablamalarını aparmağa davam etdirib.
Bildirilib ki, şirkətin elektrik mühəndisinin obyektdə hesablanmış əlavə sərfiyyatın silinməsinə köməklik göstərilməsi barədə Energetika Nazirliyinə daxil olmuş müraciəti ilə əlaqədar araşdırılma aparılıb və nəticəyə dair akt tərtib edilib. Həmin akta əsasən baş sayğacın və çıxılan sayğacların eyni vaxtda oxunmaması səbəbindən abonentə iki qat məbləğdə hesab ödəniş vərəqinin verildiyi və bunun abonentin haqlı etirazına səbəb olduğu təsdiq edilib. Hesab ödəniş vərəqində 09.08.2024-cü il tarixindən 09.09.2024-cü il tarixinə qədər istifadə olunan elektrik enerjisi haqqının ödənişi üçün müəyyən tariflər verilib. Belə ki, həmin hesab ödəniş vərəqində ümumi sərfiyyatin göstəricisi 379418.3 kv, əlavə sərfiyyatın göstəricisi 158000 kv, fərq göstəricisi 209502 kv, hesablanmış əsas məbləğ məbləğ olaraq 30.568,47 manat, əlavə dəyər vergisi isə 5.502.32 manat olmaqla öz əksini tapıb. Lakin hesab ödəniş vərəqində əlavə sərfiyyat olan 158000 kv əsassız şəkildə tərtib olunub, heç bir hüquqi əsas olmadan ümumi sərfiyyatın üzərinə gəlinib və iddiaçını əsassız borcla yüklü edib. Elektrik enerjisinin alqı-satqısının müqaviləsinin 10-cu bəndinə əsasən 1 kVts aktiv elektrik enerjisi haqqı ƏDV daxil 0,11 manat müəyyən olunur. Bununlada müəyyən olunur ki, abonent koduna (12/47-879) birinci epizod üzrə əsassız 82139 kVts sərfiyyat yazaraq 10267.36 AZN, ikinci epizod üzrə əsassız 106092kVts sərfiyyat yazaraq 13261.50 AZN, üçüncü epizod üzrə əsassız 158000kVts sərfiyyat yazaraq 17380 AZN olmaqla cəmi 346231 kVts sərfiyyat və həmin sərfiyyata görə cəmi 40908,86 AZN borc hesablanıb.
Mülki iş üzrə üçüncü şəxs Energetika Naziriyi üçüncü şəxs qismində işə əlavə edilməklə cavabdeh “Azərişıq” ASC tərəfindən iddiaçı “Güvenli-Servis Management” MMC-nin 12/47-879 saylı abonent koduna əsassız yazılmış 82139 kVts sərfiyyat və həmin sərfiyyat üzrə hesablanmış 10267.36 manat borcun, 106092kVts kVts sərfiyyat və həmin sərfiyyat üzrə hesablanmış 13261.50 manat borcun, 158000kVts kVts sərfiyyat və həmin sərfiyyat üzrə hesablanmış 17380 manat borcun silinməsi və ödənilmiş 251 manat dövlət rüsumun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş olunub.
Şirkətin məhkəməyə təqdim etdiyi digər iddiada isə enerji təchizatının “Sahil” 35/10 kV yarımstansiyasından həyata keçirilməsi zamanı yaranan texniki itkilərin əsassız olaraq borc kimi şirkətin üzərinə yazıldığı bildirilir: ““Güvenli-Servis Management” MTK ilə “Azərişıq” ASC arasında 2 ədəd elektrik enerjisinin alqı-satqısına dair müqavilə bağlanıb və elektrik enerjisinin verilişi həyata keçirilib. Göstərilən müqavilələr üzrə “Azərişıq” ASC tərəfindən aylıq sərfiyyat məbləğləri hesablanıb. Lakin sərfiyyata görə hesablanmış məbləğlərin həddən artıq olması MMC tərəfindən araşdırmanın aparılmasını zəruri edib və aparılmış araşdırmalar zamanı müəyyən nöqsanların olduğu aşkar edilib. Həmin nöqsanların aradan qaldırılması barədə “Azərişıq” ASC-ə müraciət edilərək yoxlamaların aparılması, zəruri mütəxəssislərin cəlb edilərək yoxlanılması xahiş olunub, lakin müraciət nəticəsiz qalıb. Belə ki, quruma ünvanlanmış məktubda MMC-nin idarəetməsində olan və Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr pr, 115 ünvanında yerləşən “Azure Residence” Kompleksinə məxsus elektrik sayğacı obyektdən 2 km aralıda quraşdırıldığı, bu quraşdırılma nəticəsində texniki itkilərin olduğu, belə olan halda qanunvericiliyin tələblərinin və istehlakçıların hüquqlarının pozulduğu, məsuliyyət məsələləri, sayğacın bina daxilində və ya kompleksə ən yaxın paylayıcı məntəqədə quraşdırılmasının texniki itkilərin qarşısını alacağı, həm də dəqiq ədalətli uçotun aparılacağı qeyd olunaraq sayğacın 2 km uzaqlıqda yerləşdirilməsinin faktiki sərfiyyatın düzgün ölçülməsinə imkan vermədiyi, bu itkidən yaranan əlavə vəsaitin isə iddiaçının əlavə borcla yüklənməsinə səbəb olduğu qeyd olunub. “Azərişıq” ASC müraciətə cavab vermədiyindən göstərilən halların müəyyən olunması məqsədilə qurum tərəfindən şirkətə göndərilən hesab fakturalara və digər sənədlərə əsasən elektrik enerjisi sərfiyyatının düzgünlüyünün təyin edilməsi üçün mütəxəssis rəyinin əldə olunmasına görə “Müstəqil Ekspertiza Mərkəzi” MMC-yə müraciət olunub. “Müstəqil Ekspertiza Mərkəzi” MMC tərəfindən ekspertiza rəyi təqdim edilib. Aparılan tədqiqatın nəticəsinə əsasən, texniki itkilərə görə sərfiyyat 3 dəfə artıq hesablanıb və ödənilib. Bununla da “Güvenli-Servis Management” son üç il ərzində 3956850 kVt/saat (1.318.950X3=3956850) itkilərə məruz qalıb. Həmin itkilər görə hesablanmış məbləğ isə 494.606,25 manat (3956850X0.125=494.606,25) təşkil edir. Beləliklə, elektrik enerjisinin sərfiyyatının uçotu “Sahil” elektrik yarımstansiyasında quraşdırılmış 4000 əmsalla 2 ədəd 3 fazalı elektrik sayğacları ilə həyata keçirilib, lakin bununla yanaşı “Azure Residence” binasının daxilindəki 10/0,4 kV-luq elektrik yarımstansiyasının yüksək gərginlikli tərəfində “Park Azure” binasına çəkilmiş elektrik kabel xətllərinin üzərində budaqlanmadan sonra digər 2 ədəd 4000 əmsallı 3 fazalı elektrik sayğacları quraşdırılıb, həmçinin bütün istehlakçıların (abonentlərin) texniki itkiləri 35/10 kV-luq elektrik yarımstansiyasında quraşdırılmış 2 ədəd hesabat elektrik sayğaclarının göstəricilərinə əsasən “Güvenli Servis Management” MMC tərəfindən ödənilib, nəticədə “Azure Residence” və “Park Azure” komplekslərinin enerji sərfiyyatları və texniki itkiləri “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.4-cü bəndinin tələblərinə zidd olaraq düzgün hesablanıb. “Azərişıq” ASC isə bu itkilərə görə hesablanma apararaq “Güvenli-Servis Management”dən artıq vəsait alıb və onu borcla yüklü edib.. Həmin məbləğin şirkətə geri ödənilməsi üçün “Azərişıq” ASC-ə pretenziya göndərilib, lakin ASC tərəfindən pretenziyaya hər hansı münasibət bildirilməyib, ümumilikdə məsələ araşdırılmayıb”.
“Odur ki, məhkəməyə müraciət edərək “Güvenli-Servis Management” MMC ilə “Azərişıq” ASC arasında balans sərhədi mənsubiyyəti ninmüəyyən edilməsini, “Güvenli-Servis Management” MMC-yə məxsus elektrik enerjisi sayğaclarının şirkətə məxsus olan bina daxilində və ya kompleksin yaxınlığında yerləşən elektrik paylayıcı məntəqədə quraşdırılmasını, Son 3 ilə görə ortalama itkilərə görə hesablanmış və artıq alınmış 494.606,25 manat pul vəsaitinin “Azərişıq” ASC-dən alınaraq “Güvenli-Servis Management” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişik", - deyə şirkətdən bildirilib.
Qeyd olunub ki, hazırda hər iki iş Bakı Kommersiya Məhkəməsinin icraatındadır. Şirkət, həmçinin məhkəmə mübahisələri yekunlaşanadək elektrik enerjisinin verilməsinin dayandırılmaması üçün müvəqqəti təminat tədbirinin görülməsini xahiş edib. Məhkəmə tərəfindən elektrik enerjisinin kəsilməsinə qadağa qoyulub. Qərardad Bakı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.
“Buna baxmayaraq, “Azərişıq” ASC məhkəmə qərardadına əməl etməyərək “Azure Residence” və “Park Azure” yaşayış komplekslərinin müəyyən hissələrində elektrik enerjisinin verilməsini dayandırıb. Alternativ enerji mənbəyi kimi generatorlardan istifadə etməyi planlaşdırsaq da, texniki sahəyə giriş və qoşulma ilə bağlı bizə maneələr yaradılıb", - deyə “Güvenli-Servis Management” qeyd edib.
Vurğulanıb ki, enerji təchizatının dayandırılması kompleksdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə ciddi iqtisadi zərər vurur və onların normal fəaliyyətini iflic vəziyyətinə salır.
"Hesab edirik ki, baş verənlər məhkəmə aktlarının icrasına və qanunun aliliyi prinsipinə ziddir. Müvafiq qurumları məhkəmə qərardadının icrasının təmin edilməsinə, enerji təchizatı ilə bağlı faktiki vəziyyətin obyektiv araşdırılmasına və vəzifəli şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməsinə çağırırıq", - deyə açıqlamada bildirilib.