- 11:55
"Xocalı faciəsi öz qəddarlığı və amansızlığı ilə dünyadakı digər soyqırımı aktlarından seçilir".
E-huquq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında səsləndirib.
Deputat bildirib ki, Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayacaq.
Onun sözlərinə görə, ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Xocalı faciəsinə hüquqi qiymət verilib, beynəlxalq ictimaiyyətdən ədalət tələb olunub və yeni soyqırımlarının qarşısı alınıb.
C.Məmmədov vurğulayıb ki, bu gün İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sülh quruculuğu prosesini uğurla davam etdirir. Bununla yanaşı, o qeyd edib ki, xalqımız başına gətirilən faciələri unutmamalıdır.
Deputat əlavə edib ki, Qarabağda törədilən cinayətlərə görə məsul şəxslərin bir qismi artıq cəzalandırılıb. Onun sözlərinə görə, Azərbaycan məhkəmələri beynəlxalq hüquq prinsiplərinə əsaslanaraq təqsirkar şəxslər barədə qərarlar qəbul edib.
"Azərbaycan bu cinayətlərlə və işğalla heç vaxt barışmadı. Bu gün biz torpaqlarımızı azad edərək yeni reallıq yaratmışıq", - deyə C.Məmmədov qeyd edib.
Şəbnəm Mehdizadə