- 17:17
Adətən böyüklərdə rast gəlinən hipertoniya artıq uşaqlar arasında da daha tez-tez müşahidə olunur. Xüsusilə yeniyetmələrdə artan yüksək qan təzyiqi halları mütəxəssisləri narahat edir.
E-huquq.az xəbər verir ki, araşdırmalara görə, son 20 ildə uşaqlıq dövründə hipertoniya halları iki dəfə artıb.
Həkimlərin sözlərinə görə, 12 yaşdan yuxarı uşaqlarda yüksək təzyiq daha çox qeydə alınır. Kiçik yaşlarda isə hipertoniyanın əsas səbəbi adətən böyrək xəstəlikləri olur. Tək böyrəklə doğulma, böyrək damar problemləri və bəzi nadir şiş xəstəlikləri uşaqlarda təzyiq artımına yol aça bilər. Hətta yeni doğulmuşlarda belə hipertoniya hallarına rast gəlinir.
Bununla belə, əsas artım yeniyetməlik dövründə qeydə alınır və səbəb daha çox həyat tərzi ilə əlaqələndirilir.
Mütəxəssislər bildirirlər ki, qeyri-müntəzəm qidalanma, qablaşdırılmış və yüksək duzlu qidaların həddindən artıq istehlakı, həmçinin fiziki aktivliyin azalması əsas risk amilləridir. Telefon, planşet və kompüterdən uzunmüddətli istifadə uşaqların daha hərəkətsiz həyat tərzi keçirməsinə səbəb olur.
Zəif qidalanma və idmanın azlığı çəki artımına gətirib çıxarır. Müasir dövrün geniş yayılmış problemi olan piylənmə isə yüksək qan təzyiqi riskini daha da artırır. Həkimlər qeyd edirlər ki, artıq piylənmə ilə yanaşı hipertoniya da uşaqlar arasında tez-tez aşkarlanır.
Uşaqlıq və yeniyetməlik dövründə başlayan yüksək qan təzyiqi gələcəkdə ciddi ürək-damar problemlərinə səbəb ola bilər. Erkən yaşda inkişaf edən ürək xəstəlikləri həyat keyfiyyətini aşağı salır, ürək çatışmazlığı riskini artırır və ömür uzunluğunu azalda bilər.
Mütəxəssislər vurğulayırlar ki, uşaqlarda hipertoniya vaxtında diaqnoz edilməli, müntəzəm nəzarətdə saxlanılmalı və zərurət olduqda müalicə aparılmalıdır.
Qeyd olunur ki, nəzarətsiz qalan hipertoniya böyüklərdə olduğu kimi uşaqlarda da orqan zədələnməsinə və ciddi sağlamlıq fəsadlarına yol aça bilər.
Şəbnəm Mehdizadə