Oruc tutmağın insan orqanizminə hansı faydaları var? - Həkim AÇIQLADI


  • 16:50

Ramazan ayı müsəlman dünyasında mənəvi təmizlənmə, səbir və ibadət ayı olmaqla yanaşı, eyni zamanda orqanizmin qidalanma rejiminin tamamilə dəyişdiyi xüsusi bir dövrdür. Bu müqəddəs ay ərzində oruc tutmaq təkcə aclığa dözmək deyil, həm də şüurlu və sağlam seçimlər etməyi tələb edir. Bir ay ərzində insan öz nəfs və iradəsi ilə mübarizə aparır.

Bəs oruc tutanların qidalanması necə olmalıdır? Hansı qidalara üstünlük verilməlidir? Kimlərə oruc tutmaq tövsiyə edilmir? Ümumiyyətlə oruc tutmağın insan orqanizminə hansı faydaları var?

Həkim-terapevt Aygün Sayılova e-huquq.az-a açıqlamasında bu suallara aydınlıq gətirib.

O bildirib ki, uzun müddət ac qalmaq orqanizm üçün faydalıdır: "Əslində tibb elmində də aralıqlı oruc anlayışı var. Lakin Ramazan ayında tutulan orucun digər oruclardan əsas fərqi odur ki, bu müddətdə biz su da içmirik. Gün ərzində ac qalmaq bəzi şəxslərə, qaraciyərdə piylənmədən əziyyət çəkənlərə çox xeyirdi. Sözsüz ki, gün ərzində oruc tutaraq ac qalıb axşam iftarda ağır yemək, şirniyyat yemək olmaz. Çünki bu zaman balans pozulur. Önəmli olan zülal, yağ və karbohidrat miqdarını doğru şəkildə qəbul etməkdir. Ət, meyvə-ətərəvəz, zeytun yağı, təbii kərə kağı ilə normal qidalanmaq lazımdır".

A.Sayılovanın sözlərinə görə, oruc tutmaq insan bədəninə istirahət verir. Bədəndə balans formalaşdırır: "Adətən insanlar gündə 3 dəfə qidalanır. Lakin gün ərzində də dayanmadan nəsə yeyirlər. Buraya çərəzlər, şirniyyatlar, çay, qəhvə yaxud qazlı sular daxildir. Demək olar insanların ağzı boş qalmır. Bu orqanizmə ziyandır. Çünki bədənin özünü bərpa edən dövrü olmalıdır. Bunun üçün bəlli müddət heç nə yeyilməməlidir. Uzun müddət ac qalanda lazımsız hüceyrələr məhv olur. Regenerasiya qabiliyyəti yaxşılaşır. Lakin bunu düzgün qaydada etmək lazımdır. Əks halda insan bədənində müxtəlif xəstəliklər yaranır. Ona görə də qeyd etdiyim kimi sağlam, balanslı qidalanmaq lazımdır. Gün ərzində orqanizm lazımi qədər zülal, protein, karbodhidrat qəbul etməlidir. Ağır şirnyyatlar, qazlı içkilərdən uzaq durmaqda fayda var. Məsləhətdir ki, taxıldan hazırlanan çörək, meyvə-tərəvəz, ət və məhsullarına üstünlük verilsin".

Həkim deyib ki, xroniki xəstəliyi olan və bəlli saatda dərman qəbul edən insanlara oruc tutmaq məsləhət deyil: "Bu il Ramazan ayı qış fəslinə təsadüf edib. Belə olan halda susuzluğa dözmək olur. Amma bir neçə il öncə Ramazan ayında 30-40 dərəcə isti olurdu. Həmin müddətdə susuz qalmaq çox çətindir və hətta bir qədər təhlükəlidir. Çünki isti havalarda bədən çoxlu su itirir. Xüsusilə xroniki xəstəlikləri olan, qan-damar sitemi, böyrək və təzyiq xəstəliyiyindən əziyyət çəkənlərə uzun müddət susuz qalmaq çox təhlükəlidir. Həmin xəstələr öz dərmanlarını qəbul etməsə həyatını riskə atmış olur. Ürək xəstəlikləri, şəkər xəstəliyi, xərçəng xəstələrinin həyatı vaxtında dərman qəbulundan asılıdır. Bəzən pasientlər deyir ki, elə dərman yazın ki, ancaq səhər və axşam içim. Lakin bəzən bu mümkün olmur. Çünki günün müəyyən saatlarında içilməsi vacib olan dərmanlar var. Buna görə də o şəxslərə oruc tutmaq məsləhət görülmür. Oruc tutanların çoxu aclıqdan yox susuzluqdan əziyyət çəkirlər. Ona görə də burada əsas məsələ balanslı qidalanmaqdır. Çünki maye qəbulu orqanizm üçün çox vacibdir. Xüsusilə yaşlılar və körpə uşaqlar bol maye qəbul etməlidir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər