Hüquq və İnsan Haqları İnstitutu hüquq ədəbiyyatı ilə bağlı fikirlərə münasibət bildirdi


  • 14:31

"Son zamanlar bəzi xəbər saytları və sosial media hesablarında hüquq elmi, təhsili və hüquq ədəbiyyatı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Xüsusilə hüquq ədəbiyyatının olmamasına dair söylənilən fikirlər heç bir sübuta əsaslanmır".

E-huquq.az xəbər verir ki, bu barədə Hüquq və İnsan Haqları İnstitutunun açıqlamasında bildirilib.

Qeyd olunub ki, bu məqsədlə İnstitut tərəfindən qısa araşdırma aparılmış və son 10 il ərzində Azərbaycanda hüquq elmi üzrə hazırlanan və nəşr edilən dərslik və dərs vəsaitlərinin sayının 140-dan çox olması müəyyən edilib (bax: https://lhri.az/az/library-books/Hüquq%20dərslikləri). Bu istiqamətdə hüquq nəzəriyyəsi, konstitusiya hüququ, cinayət hüququ, mülki hüquq, inzibati hüquq, beynəlxalq hüquq, insan hüquqları və digər əsas ixtisas sahələri üzrə fundamental dərsliklər və dərs vəsaitləri çap olunub. Bu dərsliklər ölkənin aparıcı mütəxəssisləri, o cümlədən hüquqşünas alimlər, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimləri, vəkillər və digər peşəkarlar tərəfindən hazırlanıb.

Açıqlamada bildirilib ki, sözügedən nəşrlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi, məhkəmə təcrübəsi və milli hüquq sisteminin xüsusiyyətləri nəzərə alınmaqla hazırlanmışdır və ali təhsil müəssisələrində tədris prosesində və praktiki fəaliyyətdə geniş istifadə edilir. Bu vəsaitlər barədə məlumatlar hüquq camiyəsinə kitab təqdimatları, rəsmi internet səhifələri və sosial media hesabları vasitəsilə çatdırılır.

Vurğulanıb ki, hüququn müxtəlif sahələri üzrə nəşr olunan çoxsaylı monoqrafiya, metodik vəsait və digər elmi ədəbiyyatlar, eləcə də 140 dərslik və dərs vəsaitinin böyük bir hissəsi Hüquq və İnsan Haqları İnstitutunun rəsmi saytı üzərindən fəaliyyət göstərən “Hüquq və insan haqları virtual kitabxanası”nda (https://lhri.az/az/library) yerləşdirilmişdir və oxuculara ödənişsiz olaraq əlçatandır. Eyni zamanda, hüquq elminin inkişafı məqsədilə İnstitut tərəfindən ölkənin müxtəlif jurnallarında dərc edilən hüquq məqalələrinin vahid axtarış bazası yaradılmış və 1500-ə yaxın məqalə bir mənbədə toplanıb.

""Dərsliklər yoxdur" kimi həqiqəti əks etdirməyən ifadələr uzun illər ölkəmizdə peşəkarlığı, biliyi və fəaliyyəti ilə seçilən, ədalət mühakiməsinin həyata keçirilməsinə və hüquq sisteminin inkişafına töhfə verən çoxsaylı hüquqşünaslar haqqında mənfi ictimai rəy formalaşdırır, onların əməyini və illərlə çəkdikləri zəhməti kölgə altına alır", - İnstitutun məlumatında qeyd olunub.

Oxşar xəbərlər