- 18:30
Hakim vəzifəsinə qəbulla bağlı müsabiqədə uğur qazanaraq Azərbaycan Respublikasının Prezidentinin 03 mart 2026-cı il tarixli Sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi təyin olunan Rüstəm Qasımov və Şəki Rayon Məhkəməsinin hakimi təyin edilmiş Hacı Məmmədli Baş prokurorun birinci müavini Elçin Məmmədov tərəfindən qəbul edilib.
Bu barədə e-huquq.az-a Baş Prokurorluqdan məlumat verilib.
Tədbiri giriş sözü ilə açan Baş prokurorun birinci müavini hakim vəzifəsinə təyin edilmiş Rüstəm Qasımov və Hacı Məmmədliyə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq müasir Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin milli dövlətçilik siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə zamanın ruhuna uyğun həyata keçirilən ardıcıl və sistemli məhkəmə-hüquq islahatları nəticəsində ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılması sahəsində işin müasir çağırışlara uyğunlaşdırıldığını, həmçinin, yeni reallıqlara uyğun olaraq Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atılmaqla gənclərin bütün sferalarda fəal iştirakına geniş imkanlar yaradıldığını, onlara hərtərəfli diqqət və qayğı göstərildiyini, dövlət idarəetməsində yaxından iştirakının təmin edildiyini və bu istiqamətdə görülən tədbirlərin bu gün də uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Qəbul zamanı Rüstəm Qasımov və Hacı Məmmədliyə Baş prokuror Kamran Əliyev tərəfindən qüsursuz fəaliyyətlərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində əldə etdikləri nailiyyətlərə görə təltif olunduqları Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanları təqdim edilib.
Rüstəm Qasımov və Hacı Məmmədli çıxış edərək onlara göstərilən yüksək etimada və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, habelə prokurorluq orqanlarının inkişaflarında xüsusi rolu olan Baş prokuror cənab Kamran Əliyevə və prokurorluğun rəhbər heyətinə dərin minnətdarlıqlarını ifadə ediblər.