- 18:44
Paytaxt Bakıda əhalinin sayı artdıqca tıxac problemi də dərinləşir. İnsanların böyük əksəriyyəti gün ərzində saatlarla tıxacda qalır. Zaman-zaman problemin həlli üçün müxtəlif şəxslər tərəfindən müxtəlif həll yolları təklif edilib. Bu təkliflərdən bəziləri qəbul edilib, bəziləri isə yox. Amma tıxac problemi bu gün Bakının acı reallıqlarından biri olara qalır.
Elə bu acı reallığın həll yolu kimi Milli Məclisin deputatı Tahir Rzayev daha bir təklif irəli sürüb. Deputat çıxışı zamanı yolu keçən bir piyadaya görə avtomobilin saxlamasının yolverilməz olduğunu deyib. Parlamentarinin fikrincə, vətəndaşların yolu keçmək qaydalarında müəyyən düzəlişlər tətbiq etmək əhəmiyyətli olar. Belə ki, o, yolu keçən hər bir adama görə maşının saxlanılmasının yolverilməz olduğunu deyib və əlavə edib ki, 8-10 nəfər insan yol kənarında toplaşdıqdan sonra belə keçidə icazə verilməlidir.
Maraqlıdır bu nə dərəcədə mümkündür? Ümumiyyətlə belə bir qərarın qəbul edilməsi tıxacın həllinə çarə ola bilərmi?
Məsələ ilə bağlı e-huquq.az-a açıqlama verən nəqliyyat eksperti, hüquqşünas Ərşad Hüseynova deputatın fikri ilə razılaşmayıb.
"Bu təklifin heç bir hüquqi və məntiqi əsası yoxdur. Bu sadəcə bir təklifdir və təklif irəli sürmək qadağan deyil. Hüquq normaları hansısa məsələni tənzimləyəndə həmin məsələ cəmiyyətin bütün təbəqələrinin ortaq marağına cavab verməlidir. Ortaq marağa gəldikdə isə deyə bilərəm ki, yol hərəkətinin sayına görə üstünlük təşkil edən iştirakçıları piyadalardır. Azərbaycanda 10 milyon insan var. Bunların demək olar ki, hamısı piyada hesab olunur. Körpə uşaq, əlilliyi olan şəxs də piyadadır. Lakin Azərbaycanda 2 milyon nəqliyyat vasitəsi var. Həmin nəqliyyat vasitələrini idarə edənlər də piyadalardır. Ona görə də ortaq maraqdan çıxış edəndə deyə bilərəm ki, bu, çox məntiqsizdir. Bəlkə kimsə gecə saat 12-də yol keçmək istəyir. Saatlarla gözləməlidir ki, 8-9 nəfər bir yerə yığışsın? Bu təklif ümumiyyətlə praktiki olaraq mümkün deyil", - deyə o qeyd edib.
Ekspert bildirib ki, dünya təcrübəsində də belə hal yoxdur: "Elə ərazilər var ki, orada piyada axını çox olur. Fasiləsiz olaraq insanlar o yoldan istifadə edir. Məsələn, universitetlərin, ticarət mərkəzlərinin yanında həmişə insanlar çox olur. Belə yerdə hərəkət növbəliliyi problemi yaranır, nəqliyyatın hərəkəti çətin tənzimlənir. Ona görə də işıqfor var. Qırmızı işıq yananda piyada dayanır nəqliyyat keçir. Bu sadə bir şeydir, bunun üçün Amerikanı yenidən kəşf etməyə ehtiyac yoxdur".
Şəbnəm Mehdizadə