- 14:34
İqtisadçı ekspert Samir Əliyev "Kapital Bank"ın müştəriləri aldatdığını iddia edib.
E-huquq.az xəbər verir ki, ekspert bu barədə "Facebook" səhifəsində yazıb.
O, bankın pul köçürmə funksiyasını istifadəyə verdiyi tətbiqində müştərilərdən haqsız olaraq komissiya və faizlər aldığını bildiirb.
"Deməli, bu bankın tətbiqində digər banklarda olduğu kimi istədiyin vəsaiti bir hesabdan (A-dan) digər hesaba (B-yə), bir kartdan (A-dan) digər karta (B-yə) pul vəsaiti köçürtmək funksiyası var. Bu köçürtmələrə görə hesabların və kartların təyinatından asılı olaraq komissiya haqqı tələb oluna da bilər, olunmaya da bilər. Burası normaldır, hətta əladır. Normal olmayanı bilirsiz nədir? A kartından A kartına, yəni özünə pul köçürməyə görə müştəridən komissiya haqqı tutmaq və üstəlik buna görə gündəlik faiz tətbiq etmək. Bu həqiqətən də anormallıq və müştəridən haqsız pul qopartmaqdır", - deyə S.Əliyev qeyd edib.
Ekspert problemi belə izah edib: ""Kapital Bank"ın məhsulu olan "Birbank"ın debet və kredit olmaqla iki kartdan istifadə edirəm. Özlərinin tövsiyəsinə görə, kredit kartındakı güzəştli müddətləri düzgün idarə etmək üçün vəsaiti əvvəlcə debet kartına, sonra isə kredit kartına köçürürəm. Ancaq keçən dəfə debet kartından kredit kartına köçürtmək əvəzinə, səhvən kredit kartından özünə köçürtmə etmişəm. Nəticədə 50 manatdan 4% (2 manat) komissiya çıxıblar və gündəlik 5 qəpik (illik 35%) olmaqla faiz tətbiq etməyə başlayıblar. Yəni kredit kartından başqa karta yox, məhz özünə köçürtmüşəm. Belə çıxır ki, həmin vəsaiti nağdılaşdırmışam. Bu ona oxşayır ki, sahibkar (VÖEN) hesabımdan cari hesab əvəzinə, səhvən həmin sahibkar hesabıma pul köçürürəm və dövlət məndən təkrar vergi, bank isə nağdılaşdırma vergisi tutur. Bank təmsilçisindən soruşuram ki, niyə siz icazə verirsiniz ki, mən eyni kart arasında köçürtmə edim? Axı bunu qadağan etmək çətin deyil? Cavab verir ki, təklifinizi nəzərə aldıq, gələcəkdə bununla bağlı tədbir görüləcək. Bəs mənim itkilərim, onların taleyi necə olacaq? Məsələ 2 manatlıq komissiyada və ona hesablanmış gündəlik 5 qəpikdən deyil. Məsələ müştəriyə göstərilən xidmətin keyfiyyətinin aşağı olmasında və yüzminlərlə analoji hallardan qazanılan haqqedilməyən pullardadır".
İqtisadçının fikrincə, Azərbaycanda maliyyə xidmətləri alan geniş əhali kütləsi faktiki olaraq müdafiədən kənarda qalıb: "Onların hüquqları kütləvi şəkildə pozulur. Bu hüquqları müdafiə edən mexanizmlər isə yox səviyyəsindədir. Əhalinin maliyyə savadsızlığının aşağı olmasından istifadə edən kredit təşkilatları, xüsusən də banklar onları aldadır, səhv və yarımçıq məlumat verməklə onları kredit bataqlığına salırlar. Oturub havadan müqavilə tərtib edirlər və sonra işləri çətinə düşəndə həmin müqaviləni əllərində bayraq edirlər. Bank mağaza deyil ki, istədiyi standartı, yanaşmanı müştəriyə tətbiq etsin. Bu təşkilatlar lisenziya əsasında fəaliyyət göstərirlər. Onların ölkə və əhali qarşısında məsuliyyətləri var. Təəssüf ki, tənzimləyici qurum olan Mərkəzi Bank ən yaxşı halda seyirçi mövqedə durur, konkret tədbirlər görməyə tələsmir".
Şəbnəm Mehdizadə