İkram Kərimovun “Zirvədən görünən ömür” adlı kitabı çap olundu - FOTO 


  • 14:29

Vəkillər Kollegiyasının üzvü, Kollegiyanın Ağsaqqallar Şurasının sədri, respublikanın əməkdar hüquqşünası İkram Kərimovun “Zirvədən görünən ömür” adlı kitabı çapdan çıxıb.

E-huquq.az-ın məlumatına görə, kitab əməkdar hüquqşünas, keçmiş ittifaq miqyasında tanınmış və 100 illiyi qeyd edilən Teymur İsmiyevin xatirəsinə ithaf olunub. Nəşrin elmi redaktoru hüquq elmləri doktoru, professor, əməkdar müəllim İbrahim Quliyev, rəyçisi Ali Məhkəmənin sabiq hakimi, əməkdar hüquqşünas Müzəffər Ağazadə, ideya müəllifi və nəşrə hazırlayanı yazıçı-publisist Telman Zülfüqaroğlu, redaktoru isə Mətanət Kərimovadır.

Nəşrdə 45 il məhkəmə hakimiyyəti orqanlarında fəaliyyət göstərmiş hüquqşünasın zəngin həyat yolu, peşə təcrübəsi və xüsusilə təqaüd dövründə apardığı aktiv və səmərəli ictimai fəaliyyəti geniş şəkildə əks olunub. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulsa da, hüquqşünaslar, tələbələr və eyni zamanda təqaüd dövrünü faydalı keçirmək istəyən şəxslər üçün də örnəkdir.

Nəşrin ön səhifəsində müəllif vəkillik peşəsinə dair fikirlərini belə ifadə edir: “Vəkil yüksək dərəcədə peşəkar, geniş dünyagörüşlü, erudisiyalı, predmeti dərindən bilən, təcrübəli, davranışı və əxlaqi keyfiyyətləri ilə cəmiyyətin etimadını qazanmış şəxs olmalıdır”.

Eyni zamanda, kitabda həyat və fəaliyyət fəlsəfəsini əks etdirən digər mühüm fikir də yer alıb: “Vəzifədə olduğun dövrdə əsas hansı vəzifəni tutmağın deyil, onu necə yerinə yetirməyindir. Təqaüdçü üçün başlıca amil asudə vaxtını ictimai mənafeyə sərf etməsi, fəaliyyətinin cəmiyyət üçün faydalı olmasıdır”.

Oxşar xəbərlər