Xəzərdə ard-arda zəlzələr: Daha güclü təkanlar gözlənilir? - Seysmoloqdan Xəbərdarlıq


  • 13:36

Son günlər Xəzər dənizinin ərazisində ardıcıl zəlzələ hadisələrinin baş verməsi ciddi narahatlıqlara səbəb olub. Bu gün səhər saatlarından etibarən dörd zəlzələ qeydə alınıb. Yeraltı təkanların ardıcıl olması, əhalidə narahatlıq yaratmağa davam edir. Maraqlıdır ki, Xəzər dənizində baş verən bu zəlzələlərin səbəbləri nədən qaynaqlanır və bu təkanların daha da artma ehtimalı varmı?

Mövzu ilə bağlı e-huquq.az-a danışan seysmoloq Ənvər Həsənov bildirib ki, bu təkanların baş verməsi təbii haldır:

"Xəzər dənizində və onun akvatoriyasında, onun yerləşdiyi ərazidən minlərlə kilometr cənub-şərqdə, yüzlərlə kilometr şimal-qərbdə böyük bir seysmik zona mövcuddur. Bu ərazidə zəlzələlərin baş verməsi adi haldır, hətta mütləqdir. Çünki bu, Yerin mahiyyətindən irəli gəlir və geoloji xüsusiyyətləri ilə əlaqədardır. Zəlzələ seysmik zonalarda litosfer tavalarının bir-birinə toqquşması nəticəsində baş verir. Planetimizin üç hissəsində seysmik zonalar var. Onlardan biri bizim ərazimizə düşür. Lakin qeyd etməliyəm ki, Xəzər dənizinin akvatoriyası çox güclü zəlzələlərin regionu deyil, buna görə də qorxmağa heç bir ehtiyac yoxdur. Digər təbiət hadisələrindən fərqli olaraq zəlzələni öncədən proqnozlaşdırmaq, demək olar ki, mümkünsüzdür. Bu mənada Xəzərdə baş verən zəlzələlər uzun müddət davam edə bilər. Uzunmüddətli perspektivdə bu zəlzələrin nəyə səbəb olacağı indidən məlum deyil. Çünki toqquşma prosesi davam edir", - deyə o qeyd edib.

Ekspert qeyd edib ki, seysmik zonalarda yaşayan insanlar heç bir halda tam sığortalanmayıb: "Zəlzələlər hər an, hətta bu dəqiqə baş verə bilər. Buna görə də narahat olmağa dəyməz. Yerin 50-60 kilometr dərinliyində, lavanın üstündə nəhəng quru sahələri var. Məsələn, Avrasiya, Afrika və Ərəbistan yarımadası daimi hərəkət edir. Bu litosfer piltələri ildə 2-5 sm hərəkət edir və daim bir-birilə toqquşurlar. Bizim bölgəmiz də bu piltələrin, xüsusən Avrasiya, Afrika və Ərəbistan yarımadası litosfer plitələrinin toqquşma nöqtəsində yerləşir. Məsələn, Türkiyədə dağların qalxması bu toqquşmaların nəticəsidir. Bəzi ərazilər isə əksinə daha alçaq olur. Zəlzələlərin əsas səbəbi bu toqquşmalardan qaynaqlanır. İl ərzində minlərlə seysmik hadisə qeydə alınır. Əvvəllər 3-4 ballıq zəlzələlər haqqında əhaliyə məlumat verilməzdi, çünki insanlar dərhal təşvişə düşürdülər. Hazırda 5-5,5 ballıq zəlzələlər baş verdikdə afterşoklar da müşahidə olunur. Bu təbii bir prosesdir və narahat olmağa heç bir əsas yoxdur. Tikinti zamanı bu məqamlar nəzərə alınmalı və uzun müddət zəlzələyə tab gətirə bilən binalar inşa edilməlidir. Hər bir bina ən azı 6-7 ballıq zəlzələyə dözməlidir. Yaşadığımız mühiti nəzərə alaraq bu faktları unutmamalıyıq".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər