Nikahdan əvvəl narkoloji test: Boşanmalar azalacaq?


  • 16:45

Bu günlərdə Milli Məclisdə nikahdan əvvəl cütlüklərin narkoloji testdən keçməsinin zəruriliyi ilə bağlı yeni təklif irəli sürülüb. Milli Məclisin plenar iclasında deputat Göydəniz Qəhrəmanov nikaha daxil olan şəxslər üçün narkoloji müayinənin də məcburi edilməsi ilə bağlı təklif səsləndirib. Təklif ailə qurmağa hazırlanan şəxslərin narkotik aludəçiliyi və digər potensial sosial problemlər barədə əvvəlcədən məlumatlanmasını təmin etməyi hədəfləyir.

Bu təklifin tətbiqinin ölkəmizdə mümkün olub-olmaması və onun reallaşmasının hansı problemləri həll edə biləcəyi maraq doğurur.

Məsələ ilə bağlı e-huquq.az saytına açıqlama verən sosioloq Mail Yaqubov təklifi müsbət qiymətləndirib.

O bildirib ki, narkomaniya hazırda dünyada ən böyük problemlərdən biridir və belə bir qanunun qəbul edilməsi cəmiyyət üçün faydalı olardı.

M.Yaqubov qeyd edib: "Hesab edirəm ki, bu, cəmiyyətin bütün təbəqələri üçün vacib bir məsələdir. Cəmiyyətdə də bu, müsbət qarşılanacaq, çünki heç kim istəməz ki, ailə quran övladı bədbəxt olsun. Xüsusilə qız valideynləri üçün bu təklif çox əhəmiyyətlidir. Nikahdan əvvəl belə bir testin keçirilməsi, ailələrin övladlarının həyat yoldaşı haqqında ətraflı məlumat əldə etmələrinə imkan yaradacaq".

Ekspert əlavə edib ki, nikahdan əvvəl cütlüklərin narkoloji testdən keçməsi boşanma hallarının azalmasına da təsir edəcək: "Son illərdə ölkəmizdə boşanma hallarının kəskin artması müşahidə olunur. Belə bir qanun qəbul edilərsə, ailələrin dağılmasının qarşısını almaqda mühüm rol oynayacaq. Çünki narkotik asılılığına görə bir çox ailə nikahın ilkin mərhələsində dağılır".

Bununla yanaşı, M.Yaqubov qanunun tətbiqi ilə bağlı nəzarət mexanizminin gücləndirilməsinin vacibliyini vurğulayıb: "Heç kim rüşvət verərək və ya digər qanunsuz yollarla testdən keçməməlidir. Bu məsələyə ciddi yanaşılmalıdır. Çünki ən yaxşı qanun belə düzgün tətbiq edilmədikdə öz əhəmiyyətini itirir. Buna görə də qanunun icrası ciddi şəkildə izlənməlidir".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər