Bakıda "Kətanda Oyanan Hisslər" adlı rəsm sərgisi keçirilib - FOTO


  • 12:31

Aprelin 13-də Bakı fotoqrafiya evində "Sattar Art Galery"nin təşkilatçılığı ilə "Kətanda Oyanan Hisslər" adlı rəsm sərgisi keçirilib.

E-huquq.az xəbər verir o, sərgidə təşkilatçı Şəms Səttarzadə və Azərbaycan Rəssamlar İttifaqının katibi Xalq rəssamı Ağəli İbrahimov iştirak ediblər.

Sərgidə açılış nitqi ilə çıxış edən Azərbaycanın Xalq rəssamı Ağəli İbrahimov gənc nəslin yaradıcılıq potensialını yüksək qiymətləndirib. O, bu cür layihələrin Azərbaycan təsviri sənətinin gələcək inkişafında müstəsna rol oynadığını vurğulayaraq gənc fırça ustalarına öz xeyir duasını verib.

50 iştirakçının qatıldığı sərgidə Xalq rəssamı Ağəli İbrahimovun yetirməsi olan gənc rəssam Əntiqa Rüstəmovanın akril boya və qızıl vərəqlərin sintezi ilə hazırladığı unikal əsəri də nümayiş olunub. Müəllifin qadın ruhunun gizli qatları, daxili nurlu və təzadlı duyğuları simvolizə edən bu işi sənətsevərlər tərəfindən böyük rəğbətlə qarşılanıb. Akrilin dinamikası və qızıl vərəqlərin klassik parıltısının vəhdəti əsərə xüsusi mistik ruh bəxş edib. Xalq rəssamı Ağəli İbrahimov tələbəsinin uğurunu belə şərh edib: “Əntiqənin yaradıcılığında hiss olunan rəng duyumu və texniki mükəmməllik onun gələcəkdə böyük uğurlara imza atacağından xəbər verir”. Sərginin sonunda “Sattar Art Galery” tərəfindən iştirakçılar sertifikatlarla təltif olunub və xatirə şəkili çəkdirilib.

Oxşar xəbərlər