- 19:45
BMT İqtisadi və Sosial Şurasının (ECOSOC) Gənclər Forumu 2026 çərçivəsində ABŞ-da Azərbaycan ilk dəfə olaraq BMT Gənclər Nümayəndələri proqramı səviyyəsində rəsmi şəkildə təmsil olunub.
E-huquq.az-ın məlumatına görə, BMT Gənclər Nümayəndələri proqramı üzrə Azərbaycanı ilk dəfə ADA Universitetinin tələbələri Nilgün Məmmədova və Ayxan Məmmədov təmsil ediblər. Onlar həmçinin 2025-ci ildə Ağdamda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Gənclər Forumunda da gənc nümayəndələr kimi seçiliblər.
Nilgün Məmmədova eyni zamanda 2023-cü ildən fəaliyyət göstərən və hüquqşünas gənclərin könüllülük fəaliyyətinin təşkilini həyata keçirən Femida Könüllüləri Təşkilatının həmtəsisçisi və 2023-2025-ci illər üzrə idarə heyətinin sədri vəzifəsini icra etmişdir. O eyni zamanda 2024-cü ildən etibarən Azərbaycan Könüllü Təşkilatları İttifaqının idarə heyetində üzv qismində təmsil olunur.
Forum çərçivəsində gənc nümayəndələrin Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının prezidenti cənab Lok Bahadur Tapa və BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə rəhbəri xanım Byorq Sandkyer ilə rəsmi tanışlıq görüşü keçirilib.
Gənc nümayəndələr bir il müddətində nüfuzlu beynəlxalq tədbirlərdə, o cümlədən BMT Baş Qərargahında keçirilən iclaslarda iştirak edəcək, çıxışlar edəcək və müxtəlif komitələrin fəaliyyətinə fəal şəkildə cəlb olunacaqlar.