- 18:54
Bu il UN-Habitat üçün olduqca strateji bir dövrdür. Bildiyiniz kimi, bu il iyul ayında Yeni Şəhərsalma Proqramının ortamüddətli icmalı keçiriləcək. Biz əldə olunmuş nəticələri qiymətləndirir və Yeni Şəhərsalma Proqramının növbəti 10 ili üçün yeni baxış formalaşdırırıq.
E-huquq.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Yenilənmiş çoxtərəfliliyi formalaşdıran yerli liderlik” mövzusunda yerli və regional hökumətlərin ümumdünya assambleyasında çıxışı zamanı deyib.
“Bu il həm də UN-Habitat-ın 2026–2029-cu illəri əhatə edən yeni strateji planının ilk ilidir. Plan mənzil təminatı, əsas xidmətlərə çıxış və qeyri-formal yaşayış məntəqələrinin transformasiyasına fokuslanır. Bu isə bu il nəzərdən keçirilən DİM 11 və DİM 6 ilə birbaşa bağlıdır, eyni zamanda, bütün Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqəlidir. Çünki 2 milyard insanın adekvat suya çıxışının olmadığı, 1 milyard insanın qeyri-formal yaşayış məntəqələrində yaşadığı bir dünyada “2030 Gündəliyi”nə necə nail ola bilərik? Bu, sadəcə, əsas ilkin şərtdir. Məhz buna görə WUF13 mənzil məsələsinə fokuslanıb. Bir neçə onillikdən sonra dünya əhalisinin 70 faizi şəhərlərdə yaşayacaq. Ona görə də urbanizasiya ilə Dayanıqlı İnkişaf Məqsədlərini bir-birindən ayırmaq mümkün deyil", - deyə A.Rossbax bildirib.