Nazir müavini: "İqlim dayanıqlılığı hər kəsi, xüsusilə həssas icmaları əhatə etməlidir"


  • 11:51

"İnsanlar daha təhlükəsiz ərazilərdə yaşamalı, əsas xidmətlərə daha etibarlı çıxış əldə etməli və daha yaxşı infrastrukturlardan faydalanmalıdırlar".

E-huquq.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Ağakərim Səmədzadə WUF13 çərçivəsində keçirilən "İqlim-mənzil əlaqəsi bərabərsizliyi və ya yerdəyişməni dərinləşdirmədən iqlimə davamlı mənzilləri genişləndirə bilərikmi?" mövzusunda keçirilən sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda bu yanaşma Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında, eləcə də azad edilmiş ərazilər üzrə "Böyük Qayıdış" proqramında öz əksini tapır.

Nazir müavini qeyd edib ki, bu istiqamətdə əsas prioritetlərdən biri çoxsaylı riskləri əhatə edən erkən xəbərdarlıq sistemlərinin inkişafıdır.

Qeyd edib ki, bu, həmçinin BMT Baş katibinin "Hamı üçün erkən xəbərdarlıq" təşəbbüsü ilə də uyğunluq təşkil edir.

A.Səmədzadə deyib ki, iqlim dayanıqlılığı hər kəsi, xüsusilə də həssas icmaları əhatə etməlidir.

"Bakı və Sumqayıt kimi şəhərlərdə adaptasiya tədbirləri yaşıllıq zonalarının artırılması, daşqın planlaması, enerji səmərəli binalar, daha yaxşı izolyasiya və suya qənaət sistemlərini əhatə edə bilər. Bu həllər havanın keyfiyyətini yaxşılaşdıra, daşqın riskini azalda və şəhər həyatını daha sağlam və komfortlu edə bilər", - deyə o qeyd edib.

Nazir müavinin sözlərinə görə, məhdud maliyyə resurslarını nəzərə alaraq, Azərbaycan aşağı xərcli, lakin yüksək təsir gücünə malik həllərə fokuslanmalıdır: "Buraya yaşıl ictimai məkanlar, sudan səmərəli istifadə, binalarda daha yaxşı izolyasiya və icma əsaslı şəhərsalma daxildir. Bu kimi tədbirlər eyni zamanda iqlim adaptasiyasını dəstəkləyə, emissiyaları azalda və sosial dayanıqlılığı gücləndirə bilər".

Oxşar xəbərlər