- 15:08
"SPECA Şəhərlər Forumu" region şəhərləri üçün, xüsusilə qabaqcıl şəhərlərin rəhbərləri ilə fikir mübadiləsi aparmaq, təcrübə paylaşmaq və gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək baxımından mühüm platforma olacaq.
E-huquq.az xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) regionlararası müşaviri Katja Şafer Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunan “SPECA Şəhərlər Forumu: İnklüziv və Dayanıqlı Şəhər Gələcəyi üçün Mənzil Həlləri” adlı tədbirdə çıxışı zamanı deyib.
Katja Şafer bildirib ki, qabaqcıl şəhərlərin öz ölkələrində digər maraqlı tərəfləri, yerli hökumətləri, ikinci dərəcəli şəhərlərin nümayəndələrini və regional təmsilçiləri də bu prosesə cəlb etməsi vacibdir:
“Onları qarşıdakı müzakirələrdə öz təcrübələrini bölüşməyə təşviq edirəm. Eyni zamanda nazirlər səviyyəsində iştirak da xüsusi əhəmiyyət daşıyır. Çünki şəhər nümayəndələri yaxşı bilirlər ki, bir çox qərarlar yerli və milli hökumətlərin birgə iştirakı ilə qəbul olunur”.
UN-Habitat rəsmisi “SPECA Şəhərlər Forumu”nun gələcəkdə region üçün mühüm əməkdaşlıq platformasına çevrilə biləcəyinə inandığını vurğulayıb.
Onun sözlərinə görə, şəhərlər arasında əməkdaşlığın gücləndirilməsi ölkələrin bir-birini sərhədlər boyunca ilhamlandırmasına, çoxmərkəzli Mərkəzi Asiya regionunun isə Orta Dəhlizin inkişaf potensialını daha effektiv mənimsəməsinə imkan yarada bilər:
“Bu yanaşma birbaşa yerli icmalara təsir göstərəcək və insanların daha yüksək həyat keyfiyyəti naminə həyata keçirilən təşəbbüslərə töhfə verəcək”.
Katja Şafer qeyd edib ki, hazırda bəşəriyyət “üçqat planetar böhran” — mənzil, iqlim və rifahın maliyyələşdirilməsi problemləri ilə üz-üzədir:
“Bu müzakirələr həmin məsələlərin daha geniş auditoriyaya çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycan hökumətinə COP çərçivəsində “SPECA Şəhərlər Forumu” təşəbbüsünü irəli sürdüyünə görə təşəkkür edirəm”.
O əlavə edib ki, Xəzər dənizi sahilində keçirilən Ümumdünya Şəhər Forumu müasir dünyanın əsas ticarət və nəqliyyat marşrutlarından biri olan regionun strateji əhəmiyyətini bir daha nümayiş etdirir.
“Müzakirələrin davamını səbirsizliklə gözləyirəm. Ümid edirəm ki, SPECA regionunu gələcəkdə Meksikada keçiriləcək Ümumdünya Şəhər Forumunda da təqdim edə biləcəyik. Çünki dünya sizin bəşəriyyətə nə təklif edə biləcəyinizi görməlidir”, – deyə K.Şafer vurğulayıb.