- 16:46
Bakı Dövlət Universitetinin Hüquq fakültəsi tərəfindən 20 may 2026-cı il tarixində Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində Forumun keçirildiyi məkanda "Azərbaycan" pavilyonunda müəllim və tələbələr üçün “Şəhərsalmanın hüquqi aspektləri” mövzusunda mühazirə təşkil olunub.
E-huquq.az xəbər verir ki, Hüquq fakültəsinin dekanı, hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin keçirdiyi mühazirədə dekan bildirib ki, COP29-dan sonra Azərbaycanda təşkil olunan Ümumdünya Şəhərsalma Forumu ölkəmizin beynəlxalq nüfuzunun və qlobal liderlik potensialının mühüm göstəricisi kimi qiymətləndirilə bilər. Qeyd olunub ki, Forumda 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi ölkəmizə olan beynəlxalq etimadı bir daha təsdiqləyir.
Dekan çıxışında Ulu Öndər Heydər Əliyevin Vətəninə və xalqına dərin bağlılığı ilə seçilən görkəmli dövlət xadimi kimi fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın mədəniyyətinə, ədəbiyyatına, tarixinə və milli-mənəvi dəyərlərinə, həmçinin şəhərsalma və memarlıq sahəsinə xüsusi diqqət yetirdiyini vurğulayıb. Bildirilib ki, məhz Ulu Öndərin rəhbərliyi dövründə memarlıq irsinin inventarlaşdırılması, mühafizəsi və bərpası sahəsində sistemli dövlət siyasətinin əsası qoyulub. Dekan çıxışında Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu irsin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini qeyd edib. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən Şəhərsalma və Memarlıq İlinun elan edilməsi memarlıq abidələrinə və milli irsə göstərilən diqqət və qayğının mühüm göstəricilərindəndir. Dekan qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə tarixi Zəfər nəticəsində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən layihələr şəhərsalma sahəsində uğurlu təcrübə hesab olunur. Bildirilib ki, həmin ərazilərdə tətbiq olunan yanaşmalar həm fərqliliyi, həm də müasir urbanistik prinsiplərə əsaslanması ilə seçilir.
Həmçinin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində nəzərdə tutulan tədbirlərin hüquqi və praktiki baxımdan mühüm əhəmiyyət daşıdığı vurğulanıb.
Dekan çıxışında tarix və mədəniyyət abidələrinin qorunması istiqamətində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə qeyd edib. Çıxış zamanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tarix və mədəniyyət abidələrinin qorunması, bərpası və gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm fəaliyyət həyata keçirdiyi də diqqətə çatdırılıb. Həmçinin, çıxış zamanı şəhərsalma ilə bağlı bir sıra normativ-hüquqi aktların qısa təhlili verilib, bu sahədə qanunvericiliyin inkişafı tendensiyaları vurğulanıb.
Sonra çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Hüquq şöbəsinin müdir müavini, BDU Hüquq fakültəsinin müəllimi Sümbül Turabova Komitənin fəaliyyəti çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verib, inklüziv şəhərsalma yanaşmalarının ölkədə sosial rifahın yüksəldilməsi və əlçatan urban mühitinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Mühazirə müəllimlər və tələbələr tərəfindən maraqla qarşılanıb, ölkəmizdə keçirilən mühüm beynəlxalq forum olan WUF13 çərçivəsində bu mühazirənin keçirilməsinin xüsusi əhəmiyyəti vurğulanıb.
Sonda tələbə və müəllim heyəti WUF13 çərçivəsində təşkil olunmuş stendlərlə tanış olublar.