"Mənzil böhranı ilə bağlı əsas suallar ənənəvi bilik sistemlərindən kənarda qalır" - IIED rəsmisi


  • 13:53

"Məsələyə yalnız təklif və tələbat prizmasından baxmaqdan uzaqlaşmaq lazımdır. Əsas məsələ yaşayış şəraitinin yaxşılaşdırılmasının əslində nə demək olduğunu ciddi şəkildə anlamaqdır".

E-huquq.az xəbər verir ki, bu fikirləri Ətraf Mühit və İnkişaf üzrə Beynəlxalq İnstitutun (IIED) baş tədqiqatçısı, Mənzil Ədaləti istiqaməti üzrə həmtəşkilatçı Camila Cocina WUF13 çərçivəsində keçirilən "Akademiya və tədqiqat" üzrə dəyirmi masa mövzusunda sessiyada səsləndirib.

O bildirib ki, yaşayış şəraitinin yaxşılaşdırılması yalnız bəzi çatışmazlıqların aradan qaldırılması ilə məhdudlaşmır: “Bu, şəhər mərkəzlərindəki mövcud yaşayış fondunun, binaların vəziyyətinin və ümumilikdə yaşayış şəraitini yaxşılaşdıran dəyişikliklərin dinamikasını anlamağa qədər geniş bir sahəni əhatə edir. Bu, həm də üzləşdiyimiz iqlim problemləri baxımından çox vacib məsələdir”.

Camila Cocina qeyd edib ki, qeyri-adekvat şəraitdə yaşayan insanların ehtiyaclarını və reallıqlarını anlamaq üçün onların gündəlik həyat təcrübələrinə diqqət yetirilməlidir: “Bunun yeganə yolu artıq mövcud olan bilikləri tanıyan proseslərə qoşulmaqdır. İnsanların yaşayış sahəsini necə formalaşdırdığını, tikinti materiallarına necə yatırım etdiyini, enerji təhlükəsizliyi üçün hansı mübarizəni apardığını və uzunmüddətli və qısamüddətli təhlükəsizlik arasında hansı seçimləri etdiyini anlamaq lazımdır”.

IIED rəsmisinin sözlərinə görə, əsas məqsəd yalnız məlumat bazası yaratmaq deyil, mövcud ictimai bilikləri görünən və əlçatan etməkdir: “Bu, sadəcə hansısa mövzu üzrə məlumat toplamaq deyil, həmin bilikləri hərəkətə gətirməyin yollarını tapmaqdır”.

O vurğulayıb ki, bu məsuliyyət yalnız tədqiqatçıların üzərinə düşmür: “BMT platformasında üzv dövlətlər müəyyən öhdəliklər götürməyə və konkret gündəlikləri irəli aparmağa dəvət olunurlar. Bu, həm də yerli və milli hökumətlər üçün çağırışdır ki, müxtəlif bilik formalarının dəyərini başa düşsünlər”.

Camila Cocina əlavə edib ki, vətəndaş cəmiyyəti, yerli təşəbbüs qrupları və dövlət qurumları arasında etibarlı biliklərin müəyyənləşdirilməsi ilə bağlı dialoq xüsusi əhəmiyyət daşıyır: “Mənzil böhranı ilə bağlı əsas suallar şəhərlərimizdə, kənd yerlərində və xüsusilə ənənəvi bilik sistemlərimizin kənarında qalan məhəllələrdə baş verən proseslərdə gizlənir”.

Oxşar xəbərlər