- 15:11
"Biz araşdırma və tədqiqat aparanda əsas çətinliyimiz məlumatların əldə olunması ilə bağlı olur".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, "ADA" Universitetinin prorektoru Fariz İsmayılzadə WUF13 çərçivəsində keçirilən "Akademiya və tədqiqat" üzrə dəyirmi masa mövzusunda sessiyada çıxışı zamanı deyib.
Deputat bildirib ki, Azərbaycan nümunəsində Qarabağ bölgəsindən və işğal olunmuş ərazilərdən olan məcburi köçkünlərlə bağlı məsələlər xüsusi əhəmiyyət daşıyır: "Bildiyiniz kimi, həmin ərazilər azad edildikdən sonra genişmiqyaslı yenidənqurma işləri aparılır, yeni şəhərlər və kəndlər salınır. Bu prosesdə bizim üçün ən vacib məsələlərdən biri insanların öz doğma torpaqlarına qaytarılması və onların iqtisadi fəaliyyəti, ailə strukturu, peşə və təhsil bacarıqları ilə bağlı etibarlı məlumatların əldə edilməsidir".
Fariz İsmayılzadənin sözlərinə görə, hazırda Azərbaycan hökuməti təxminən 18 min keçmiş məcburi köçkünü doğma torpaqlarına köçürüb: "Onlar artıq orada yaşayır, təhsil alır və işləyirlər. Əvvəlki kənd və şəhərlər tamamilə dağıdıldığı üçün yeni icmalar sıfırdan qurulur".
O qeyd edib ki, yeni yaşayış məntəqələrinin formalaşdırılması zamanı əsas problemlərdən biri insanların iqtisadi bacarıqları ilə mövcud iş imkanlarının düzgün uyğunlaşdırılmasıdır: "Şəhərsalma baxımından hansı yanaşmaların tətbiq edilməli olduğu da mühüm məsələlərdəndir. Çünki həmin insanların bir qismi əvvəllər şəhərdə, bir qismi isə kənd yerlərində yaşayırdı".
Deputat vurğulayıb ki, bu məqsədlə Azərbaycan hökuməti "ADA" Universitetinə sorğu-tədqiqat işinin aparılmasını həvalə edib: "Biz hər il məcburi köçkünlər arasında sorğular keçiririk, onların ehtiyaclarını, seçimlərini, bacarıqlarını, iqtisadi vəziyyətini, gəlirlərini və ailə strukturunu araşdırırıq".
Fariz İsmayılzadə əlavə edib ki, araşdırmalarda əsas məsələlərdən biri keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıtmaq, orada yaşamaq və işləmək istəklərinin öyrənilməsidir: "Bu genişmiqyaslı tədqiqat şəhərsalma, kənd planlaşdırılması və yenidənqurma prosesləri üçün çox vacib məlumatlar toplayır. Düşünürəm ki, bu, kifayət qədər uğurlu təcrübədir və digər ölkələrə də məlumat toplama məqsədilə universitetlərlə əməkdaşlıq etməyi tövsiyə edərdim".