- 15:54
"Kirayə mənzil bazarı və kirayə mənzilə olan tələbat haqqında, xüsusilə qlobal kontekstdə çox az məlumat mövcuddur".
E-huquq.az xəbər verir ki, bu fikirləri Hindistanın Nyu-Dehli şəhərində yerləşən Siyasət Araşdırmaları Mərkəzinin baş elmi işçisi Pushpa Pathak WUF13 çərçivəsində keçirilən "Akademiya və tədqiqat" mövzuzunda dəyirmi masada çıxışı zamanı səsləndirib.
O bildirib ki, insanların şəhər ərazilərinə köçmək qərarı verməsində münasib qiymətli və keyfiyyətli kirayə mənzillərin mövcudluğu mühüm rol oynayır: "Bu məsələ yaşayış imkanlarına və insanların şəhərlərə bağlılığına birbaşa təsir edir".
Pushpa Pathakın sözlərinə görə, miqrasiyanın sabit xarakter daşımadığı hallarda yaşayış ehtiyacları da dəyişir: "Belə hallarda tək otaqlar, yataqxana tipli məkanlar, ikimərtəbəli çarpayılar, birgə yaşayış formaları kimi alternativlərə ehtiyac yaranır. Buna görə də tədqiqatların əsas diqqəti, xüsusilə qlobal cənub ölkələrində kirayə mənzilə verilən ilkin reaksiyalara yönəlməlidir".
O vurğulayıb ki, cəmiyyətdə kirayə mənzillərin necə tikildiyi, kim tərəfindən maliyyələşdirildiyi və hansı sosial qruplar üçün nəzərdə tutulduğu ilə bağlı ciddi maraq var: "Bir çox ölkələrdə kirayə mənzil bazarında ayrı-seçkilik hallarının olub-olmaması da araşdırılmalıdır. Ayrı-seçkilik dinə, bölgəyə, ölkənin müəyyən hissəsinə və ya genderə görə baş verirmi? Bu sualların cavabı daha dərin tədqiqatlar tələb edir".
Baş elmi işçi əlavə edib ki, mövcud problemlərin araşdırılması üçün daha geniş sorğuların keçirilməsi, inklüziv iştirakçılığın təmin olunması və daha əhatəli elmi tədqiqatların aparılması vacibdir.